Sportinfo.az “Qarabağ”ın hücumçusu Musa Qurbanlının müsahibəsini təqdim edir:
- İlin son oyununda “Araz-Naxçıvan” üzərində qələbə (2:0) qazandınız. Qarşılaşma “Qarabağ” üçün nə dərəcədə çətin alındı?
- Çətin oyun keçdi. Belə olacağını da bilirdik. Çünki “Araz-Naxçıvan” çox yaxşı komandadır. Bu mövsüm inamlı təsir bağışlayırlar. Hazırda da yaxşı formadadırlar. Həm də turnir cədvəlində ən yaxın izləyicimizdirlər. Ona görə də matça çox ciddi hazırlaşmışdıq. Gözlədiyimiz kimi də oldu. Xüsusən birinci hissə çətin keçdi. Fasilədən sonra toparlandıq və şükürlər olsun ki, qələbə qazandıq.
- Demək olar ki, birinci hissənin sonlarında vurulan qol komandanızın işini asanlaşdırdı?
- Bəli, belə demək olar. Çünki oyun təhlükəli məcrada gedirdi. Qol vurmağımız bizim üçün çox yaxşı oldu. Bu, bizə ikinci hissəyə daha yüksək motivasiya ilə çıxmağa və qələbə qazanmağa kömək etdi.
- İkinci hissənin əvvəlində rəqibin qolu hesaba alınmadı. Bu məqam matçın gedişatına nə dərəcədə təsir göstərdi?
- Düşünürəm ki, həmin qolun hesaba alınmaması matçın gedişatına çox ciddi təsir etdi. Çünki hesab 1:1 olsaydı, rəqib daha da ruhlanacaqdı. Daha istəklə oynayacaqdılar və belədə işimiz çətinləşəcəkdi. Lakin qol hesaba alınmadı. Bundan sonra oyun fərqli getdi. Biz də ikinci qolu vurmaqla matçın taleyini böyük ölçüdə həll etdik.
- Əvvəlki mövsümlərlə müqayisədə “Qarabağ” çempionatda rəqabət hiss edir?
- Rəqabət var. Elə “Araz-Naxçıvan”la matça çox ciddi hazırlaşmağımız da bu rəqabətin göstəricisidir. Bilirdik ki, işimiz asan olmayacaq. Elə də oldu. Oyun ərzində “Araz-Naxçıvan” bizə problem yaşatdı. İstənilən halda biz öz işimizə baxırıq. Çalışırıq bütün matçlarda maksimum nəticə əldə edək.
- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də Juninyonun “Sevilya”ya mümkün transferidir. Sizcə, braziliyalı forvardın gedişi “Qarabağ”a nə dərəcədə təsir edə bilər?
- Juninyo bizim üçün çox vacib oyunçudur. Yüksək səviyyəli futbolçudur, xeyli üstün cəhətləri var. Eyni mövqenin oyunçusu kimi mən də ondan çox şey öyrənirəm. Əlbəttə, hamımız istəyirik ki, Juninyo getməsin, qalsın. Lakin qərarı özü qəbul edəcək. Bu, onun seçimidir. Təbii ki, klubla birlikdə. Xeyirlisi, hər iki tərəf üçün ən yaxşısı nədirsə, o da olsun.
- Son turlar 3 qola imza atdınız. Yeni ildə əvvəlki, məhsuldar Musa Qurbanlını görə biləcəyik?
- Uzun müddət oynamırdım, eləcə də əməliyyat olundum. Buna görə bir qədər formadan düşdüm. Hazırda üzərimdə çox çalışıram. Yavaş-yavaş özümə gəlirəm, əlimdən gələni edirəm ki, formamı bərpa edim. Mənim üçün son matçlarda yaxşı fürsət oldu. “Sumqayıt”a qarşı 90, “Şamaxı”ya qarşı təxminən yarım saat oynamaq imkanı qazandım. Qol vurmağım mənim üçün motivasiyadır. Əlimdən gələni edirəm ki, özümü daha yaxşı göstərə bilim.