“Qarabağ”ın kapo-verdeli yarımmüdafiəçisi Leandro Andrade Sportinfo.az-a müsahibə verib.
“Köhlən atlar“ın “15 nömrə”si “Araz-Naxçıvan”la qarşılaşmadan sonra sualları cavablandırıb.
- Qış fasiləsinə birinci yarının lideri qismində getmək əlavə motivasiya verir?
- Əlbəttə. “Araz-Naxçıvan” bu il həqiqətən xoş təsir bağışlayır. Bunu təkcə əsas izləyicimiz olduğuna görə demirəm. Ümumiyyətlə, çox yaxşı formadadır, 15 oyun məğlubiyyətsiz irəlilədi. Hətta bir neçə gün əvvəl ilk pilləyə yüksəlmişdi. Bu oyunda qələbə qazanıb fasiləyə xoş əhval-ruhiyyədə yollanmaq çox vacib idi. Arada 8 xallıq fərq yaratmağımız yerinə düşdü
- 2024-cü ili “Qarabağ” üçün necə dəyərləndirirsən?
- Qarışıq hislər yaşadıq. Bəzən güldük, bəzən üzüldük. Ancaq pozitiv hallar daha çox oldu. “Braqa” səddini keçib, “Bayer Leverkuzen” kimi rəqiblə sona qədər mübarizə aparmağımız, çempionluq, kuboku qazanmaq, Avropa Liqasının Liqa mərhələsinə yüksəlmək, qış fasiləsinə lider qismində yollanmaq – hamısı 2024-ü əhatə edir. Avropa Liqasındakı son məğlubiyyətlər yerinə düşməsə də, baş məşqçimiz və gözəl kollektivimizlə birlikdə böyük işlər görəcəyimizə inanıram.
- Öz çıxışından nə dərəcədə razı qaldın?
- Mən də həmçinin. Xoş və xoş olmayan hadisələr yaşandı. Bilirəm ki, daha yaxşısını edərəm və bunun üçün çalışıram. Ümumi götürsək, qismən razı qaldığımı deyə bilərəm.
- Aleksey Kaşukun gəlişindən sonra bəzi hallarda ehtiyatda qalırsan. Bu vəziyyətə nə dərəcədə hazır idin, yaxud hazırsan?
- Kaşukun gəlişi o deməkdir ki, daha yaxşı olmalıyam, daha artığını etməliyəm. Başımda neqativ şeylər saxlamıram. Peşəkarlıq nə tələb edirsə, o cür addım atmağa çalışıram. Bu, sadəcə, rəqabətdir. Hər bir halda hazır olmalıyam.
HƏBİB