COP29

“Sevilya”nın Juninyodan əl çəkməməsinin səbəbi var – MÜHÜM MƏLUMAT

25 Dekabr 21:20 Qarabağ 2 373
“Sevilya”nın Juninyodan əl çəkməməsinin səbəbi var – MÜHÜM MƏLUMAT

“Qarabağ”lı Olavio Juninyonun izinə düşən “Sevilya”nın istəyinə çatıb-çatmayacağı yaxın günlərdə bəlli olacaq.

Görünən odur ki, UEFA kuboku və Avropa Liqasının 7 qat qalibi qalibi braziliyalını heyətinə qatmaqda israrlıdır. Və bunun üçün Azərbaycan çempionuna rəsmi təklif göndərərək transfer üçün ödəməyə hazır olduğu məbləği göstərib.

Təbii ki, ispanlar Juninyonun ala qaş-gözünə, yaxud daxili yarışlarda vurduğu qollara heyran olmayıb.

“18 nömrə”ni “qırmızı-ağlar”a sevdirən avrokuboklarda göstərdiyi performansdır.

Sürəti, öldürücü zərbələri və təbii ki, qol duyumu. Düzdür, son matçlarda özünə bənzəmir. Bunun səbəbi də, çox güman, aldığı təkliflər və fikrinin başqa yerdə olmasıdır.

Juninyonun statistik göstəricilərinə həsəd aparmamaq mümkün deyil.

O, ötən “futbol ili”ndə Çempionlar Liqasında cəmi 1 oyunun iştirakçısı olmaqla heç nə ilə yadda qalmamışdı.

Avropa Liqasının təsnifat mərhələsində isə şans qazandığı 4 matçda aktivinə 1 məhsuldar ötürmə yazdırmışdı.

Sözügedən turnirin qrup və pley-off mərhələsində isə “Qarabağ”ı çiyinlərində daşımışdı. 10 görüşdə 5 qol və 1 assist.

Premyer Liqanı bombardir kimi başa vuran “sambaçı” 35 qarşılaşmada rəqib qapılarına 20 dəfə yol tapmış, 8 dəfə komanda yoldaşlarına fərqlənmək imkanı yaratmışdı.

Ölkə kubokuna gəlincə, 5 oyunda 5 qol və 2 assist.

2024/25 mövsümü ötən ilki qədər məhsuldar alınmasa da, rəqəmləri kafi də saymaq olmaz.

Çempionlar Liqasının təsnifat mərhələsində 6 qarşılaşmada 6 dəfə fərqlənməklə bombardirlər siyahısının zirvəsində yer alan “Qarabağ”lı 1 assistə də imzasını yazdırıb.

Avropa Liqasının Liqa mərhələsində bütün görüşlərdə 6 dəfə şans qazanmaqla cəmi 1 qolla diqqət çəkib.

Cari mövsümdə Premyer Liqada əsasən əvəzedici statusunu daşıyır ki, bu, anlaşılandır. 13 matçda 3 qol və 2 məhsuldar ötürmə.

Azərbaycan kubokunda meydana çıxdığı 1 dueldə heç nə ilə qadda qalmayıb.

Rəqəmlərə göz gəzdirəndə məlum olur ki, Juninyo indiyə qədər “Qarabağ”a gəlib-getmiş hücumçular arasında ən məhsuldarıdır.

İlyarım ərzində təkcə avrokuboklarda rəqib qapılarına 13 dəfə yol taparaq beynəlxalq arenalarda ən çox qolun müəllifi olan Abdullah Zubiri geridə qoymaq şansını yaxalamaq zarafat görünməsin (15 top).

Yox, söhbət “Qarabağ”da bu günə olan ümumi göstəricidən gedirsə, bu adamın 81 oyunda 41 qol və 14 assistlə öyünməyə haqqı çatır.

Ümumiyyətlə, ilyarım ərzində avrokuboklarda 27 oyunda 13 qol vurmaq sıradan hücumçuların bacaracağı iş deyil. Bu cür məhsuldarlığı əsasən ulduz futbolçularda görürük.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti