Yəqin ki, ölkəmizdə futbolla maraqlanan, “Qarabağ”ın Avropa səhnəsindəki uğurlarıyla bağlı xəbərləri yaxından izləyən hər kəs bu məlumatdan xəbərdardı:
Sportinfo.az xəbər verir ki, İspaniya La Liqasının təmsilçisi “Sevilya” Juninyonu heyətinə qatmaq məqsədilə “köhlən atlar”a rəsmi təklif göndərib!
Bəli, adı çəkilən klub Keleçi İheanaçoya əvəzləyici tapmaq üçün fəaliyyətə başlayıb. Buna səbəb nigeriyalı hücumçunun ümidləri doğrultmamasıdı.
Onun əvəzləyicisi kimi məhz ağdamlıların braziliyalı hücumçusu seçilib. “Kope Sevilya”nın yazdığına görə, klubun idman direktoru Viktor Orta Juninyonu hücum xəttini gücləndirəcək futbolçu kimi görür.
Təbii ki, onun mümkün transferi baş məşqçi Xavyer Qarsiya Pimyenta ilə də razılaşdırılmalıdı. Lakin “Qarabağ” 2026-cı ilin yayında müqavilə müddəti bitəcək hücumçunu elə-belə buraxmaq fikrində deyil.
Sözgüedən nəşrin iddiasına gprə, maliyyə problemləri olan “Sevilya” yalnız 2 milyon avro ödəməyə qadirdi.
Məbləğin artması üçün İheanaço klubdan getməlidi. “Zona Mixta” nəşri isə “Qarabağ”ın Juninyo üçün 5 milyon avro tələb etdiyini yazıb.
Hər halda, qeyd olunanlar gözəl səslənir. Kiçik Qafqaz dağlarının ətəyində yerləşən bölgəni təmsil edən komandanın futbolçusu bu idman növünün ən ünlü çempionatlarından birində çıxış edən klubun diqqətini çəkib və onlar bu transferin reallaşmasında israrlıdı.
Təbii ki, Juninyonun keçidi reallaşsa, futbol tariximizdə ən böyük uğurlardan birinə imza atılmış olacaq. Axı zarafat deyil: “Sevilya” “Real”, “Atletiko” və “Barselona” kimi dünya nəhəngləri ilə eyni çempionatda çıxış edir.
Elə bu komandanı da kiçiltmək olmaz. Baxmayaraq ki, “Sevilya” indi o qədər də yaxşı günlərini yaşamır. Daha doğrusu, La Liqada 17 turdan sonra 22 xalla 11-ci sıradadılar. Elə bu gün bu komanda “Real”ın qonağı olacaq.
Qısası, Juninyo Bakıdan elə bir şəhərə yollanır ki, orda bir çox arzularını reallaşdırmaq üçün daha əlverişli imkan qazanacaq. Elə onun yuxularını qaçıran da belə düşüncələrdi.
Bu təkcə bizim iddiamız deyil. Qurban Qurbanovun “Şamaxı” – “Qarabağ” matçından sonra keçirilən mətbuat konfransında dedikləri başqa cür düşünməyə imkan vermir.
Belədə ağla gələn suallardan biri də budu: görəsən, Juninyo Qurban bəyin dediyi kimi, gecələr sevincdən yata bilmir?
Yoxsa "Qarabağ”ın direktoru Əmrah Çəlikəlin dediyi kimi, “Qarabağ”da xoşbəxtdi?
Hər halda, hazırda danışıqlar prosesi davam edir. İndiyə qədər klub, daha dəqiqi, Çəlikəl tərəfindən verilən açıqlamalardan anlaşılır ki, “Qarabağ” Juninyonun satışından mümkün qədər çox pul qazanmaq istəyir.
Futbolumuzda ən bahalı satış 5 milyon avroya “Qarabağ”dan “Krasnodar”a transfer olunan Kadi Borges sayəsində reallaşıb. Bəlkə də “köhlən atlar” bu rekordu yeniləmək istəyir...
İndi bəzi reallıqları dəyərləndirməyin vaxtıdı. Məsələn, "Ficherio" nəşri yazır ki, “Sevilya” Juninyonun transferini yekunlaşdırmaq üzrədi.
Hətta klub futbolçu üçün ikinci təklif göndərib və bu dəfə 3+1 milyon avro ödəməyə hazır olduğunu deyib.
Belədə prosesin müxtəlif detallarından xəbərdar olmaq məqsədilə menecer Tural Əsgərliylə əlaqə saxladıq (Futbol+).
Onun cavabıyla tanış olaq:
“Sevilya” Juninyoya görə “Qarabağ”a cəmi bir dəfə təklif göndərib. Ağdam təmsilçisi həmin təklifi geri çevirib.
İndi növbə “Sevilya”nındı. Ya yenilənmiş şərtlərlə ikinci təklifini göndərməlidi, ya da Juninyodan vaz keçməlidi. Qısası, sadəcə, bir təklif olub. Həmin xəbərlər əsassızdı”.
Bilindiyi kimi “Sevilya”nın idman direktoru Viktor Orta postsovet məkanında nüfuzlu şəxsdi, vaxtilə “Zenit”in skaut xidmətinin rəhbəri və idman direktoru kimi vəzifələrdə çalışıb.
Elə “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov da uzun müddət həmin “Zenit”in şərəfini qoruyub. Yəni bəzi futbol adamları “Sevilya” – Juninyo əlaqəsinin məhz
Ortanın əlaqələri və Lunyovun məsləhəti sayəsində yarandığını iddia edir. Təbii ki, mövcud münasibət üçbucağını nəzərə alsaq, qeyd olunanlarda haqlılıq payı ola bilər.
Lakin Tural bəyin bu məsələylə bağlı fikri fərqli oldu: “Süjet və ssenari hazırdı, qaldı kino çəkmək...”
La Liqa təmsilçisi Juninyonu əldə etmək üçün, sadəcə, maddi gücünə arxalanmaya bilər. Daha doğrusu, klub rəsmilərinin futbolçunun istəyinə də söykənib “Qarabağ”a təzyiq göstərməsi mümkündü.
Məsələnin digər tərəfi isə “köhlən atlar”ın Juninyonun ayrılığından sonra atacağı addımlardı. Bu haqda gələcəkdə yazarıq. O getsə...
Juninyo “Qarabağ”da
Premyer-liqada: 41 oyun, 21 qol, 8 məhsuldar ötürmə
Ölkə kubokunda: 6 oyun, 5 qol, 2 məhsuldar ötürmə
Çempionlar Liqasının təsnifat mərhələsində: 7 oyun, 6 qol, 1 məhsuldar ötürmə
Avropa Liqasının təsnifat mərhələsində: 4 oyun, 1 qol
Avropa Liqasının qrup mərhələsində və pley-offda: 12 oyun, 5 qol, 1 məhsuldar ötürmə
Avropa Liqasının əsas mərhələsində: 6 oyun, 1 qol