Hələ də özümə bağışlaya bilmirəm.
Ki, illərin jurnalisti olasan, Olavio Juninyonun həmin andakı duruşunu əlindəki telefonun yaddaşına köçürməyəsən.
“Araz-Naxçıvan” üzərindəki qələbədən sonra hamı şad-xürrəm evinə, doğmalarının yanına getməyin sevincini yaşayanda, “köhlən atlar”ın “18 nömrə”si divara söykənib, qaşları çatılmış halda Patrik Andradenin verdiyi müsahibənin bitməsini gözləyirdi.
O duruş, o baxış, o əhval-ruhiyyə “mən gedirəm” mesajının açıq forması idi. Kaş çəkib, sizə göstərə bilərdim. O an ağlıma gəlmədi açığı.
Juninyo media mənsublarına müsahibə vermək fikrində deyildi. Sual-cavab üçün etdiyim müraciətə ingilis dilində danışa bilmədiyini deməklə arxa çevirdi.
Tərcüməçi Elvar Quliyevin işə qarışması da səmərə vermədi. Müsahibə vermək istəmirdi, vəssalam. Meneceri tapşırmışdı, özü belə istəyirdi – nə isə ki, suallarımız cavabsız qaldı.
Ancaq bizimlə sağollaşmağı da unutmadı. Bir-iki addım atandan sonra geriyə dönüb, “bay-bay” deyərək (məhz bu şəkildə) yoluna davam etdi.
“Araz-Naxçıvan”la qarşılaşmada meydanda varlığı ilə yoxluğu bilinməyən forvardın əvəzlənərkən soyuq görünməsi ürəyinin və bir ayağının “Sevilya”da olmasını əks etdirirdi.
Son həftələrdə “Qarabağ”da yalnız ruhu dolaşan braziliyalı hücumçunun ayrılığı ağdamlılara baha başa gələcək.
Azarkeşlər bu ayrılıqla barışmalıdır – Juninyo gedir!
HƏBİB / SPORTİNFO.AZ