“Qarabağ” Şamaxı səfəriondən çətin qələbə ilə qayıtdı.
Son saniyələrdə səhnəyə çıxan Musa Qurbanlı vurduğu qolla komandasına vacib 3 xal qazandırıb,“köhlən atlar”ın qış çempionluğunun rəsmiləşməsinə səbəbkar oldu.
Son 2 oyunda 3 qolla yadda qalan hücumçu Sportinfo.az-ın suallarını cavablandırıb.
- Baş məşqçisi ata olan komandanın qələbə topunu oğul vurdu. Jurnalist olsaydın, oyunun reportajına başlığı necə qoyardın?
- Jurnalistika təhsilim yoxdur deyə, yaxşısını siz bilərsiz. “Qarabağ” son dəqiqə qolu ilə vacib qələbə qazandı” – belə olar? Ata və oğul faktını yazıya qatmazdım. Bəlkə də siz başqa cür yanaşırsız, mən bu cür düşünürəm.
- Meydana ikinci hissədə daxil olanda, bu cür gərgin matçda qələbə topunun müəllifi olacağını hiss edirdin?
- Açığı, hardasa hiss edirdim. Oyun gedə-gedə öz-özümə düşünürdüm ki, səbrli olmaq, imkanları gözləmək lazımdır. Meydana daxil olanda baş məşqçi lazım olan tapşırıqlarını vermişdi. Bildirmişdi ki, daha çox cərimə meydançasında yer alıb, cinah ötürmələrinə hazır olmalı, ən əsası səbrli davranmalıyam. Tapşırılan kimi etdim və şükürlər olsun, cinah ötürməsindən yararlandım.
- Uzun müddət yaşıl meydanlardan kənar qalmışdın. Bu gün istədiyin fiziki və psixoloji formanı yığmısan?
- Xeyr. Üzərində işləməli olduğum çox cəhətlər var. İndi-indi oynamağa başlayıram. Arzuladığım formanı bərpa etməyə hələ vaxt var.
HƏBİB