"Sevilya”nın baş məşqçisi Xavyer Qarsia Pimienta “Qarabağ”ın hücumçusu Juninyo ilə maraqlandıqlarına dair xəbərlərlə bağlı açıqlama verib.
Sportinfo.az-ın “Marca”ya istinadən yaydığı məlumata görə, bu barədə o, keçirdiyi mətbuat konfransında bildirib.
La Liqa klubunun baş məşqçisi jurnalistin bununla bağlı sualına cavab olaraq deyib:
“Mən bilirəm ki, o, “Qarabağ”ın çox qol vuran futbolçusudur. Qış transfer pəncərəsi açıldıqdan sonra hər şey baş verə bilər.
Siz məndən “Qarabağ”ın futbolçusu barədə soruşursunuz. Bildiyimə görə, o, çox qol vurur və klubu ilə hələ uzunmüddətli müqaviləsi var.
Bizim bu il çempionatda çox vacib oyunumuz (“Real” Madridlə - red.) qalıb. Fasilədən qayıtdıqdan sonra heyətimizi qiymətləndirmək üçün 1 ay vaxtımız olacaq”.
Əldə etdiyimiz son məlumata görə, hazırda “Qarabağ”la “Sevilya” arasında danışıqların ikinci mərhələsi keçirilir.
İlk mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib.