COP29

Oğlu Qurban Qurbanovu necə sevindirir?

27 Dekabr 21:00 Qarabağ 914
Oğlu Qurban Qurbanovu necə sevindirir?

Musa Qurbanlının karyerasındakı ən uğurlu mövsümü sözsüz ki, 2022/23 sezonu idi.

Hücumçu "Qarabağ" formasında meydana çıxdığı 34 matçda 23 qol, 7 məhsuldar ötürmə ilə yadda qalmışdı.

O, aktivindəki 21 qolla Premyer Liqada Ramil Şeydayevdən (22 qol) sonra bombardirlər cədvəlində ikinci ola bilmişdi.

Parlamaqda olan gənc istedadı İsveçin "Yurqorden" klubu rənglərinə bağladı.

Özü də 3 illik anlaşma ilə. Bu, ona olan güvəndən irəli gəlirdi. Uzunmüddətli müqavilə gələcəyə hesablanmışdı.

Təəssüf ki, böyük ümidlərlə legioner həyatı yaşamağa yollanan millimizin forvardı ona bəslənən ümidləri doğrulda bilmədi.

22 yaşlı futbolçu "Yurqorden"də meydana çıxdığı 21 matçda cəmi 3 qolla yadda qaldı.

Düşdüyü durumdan məmnun qalmayan ön xətt oyunçusu cəmi 1 il sonra yenidən vətənə qayıtdı.

Yayda "Qarabağ"a qoşulan Qurbanlının buradakı ikinci dönəmi ürəkaçan start götürmədi.

Psixoloji olaraq əziyyət çəkdiyi, məyusluq yaşadığı aydın sezilən forvard bir də zədə alınca hər şey alt-üst olmuş kimi görünürdü.

Lakin bu qədər uğursuz dönəmdən sonra "22 nömrə" tədricən özünə gəlməkdədir.

İlk 4 matçında nə iləsə varlığını göstərə bilməyən Musa son 5 qarşılaşmada ötən günlərini xatırlamağa başlayıb.

"Zirə" və "Neftçi" ilə oyunlarda məhsuldar ötürmə müəllifi olan "Qarabağ"lı son 3 görüşdə 4 qolla yadda qalıb.

"Sumqayıt"la oyunda dubl edibsə, Şamaxı səfərində sonradan meydana çıxaraq son saniyələrdə qələbə qolunun müəllifi olub. O, "Araz Naxçıvan"la matçda isə ilk qolun müəllifi olmağı bacarmışdı.

Görünür, Musa İsveç uğursuzluğunu unutmaqdadır. Ümid edək ki, gənc oyunçu başına gələnlərdən məyus olmaq yox, dərs çıxarmaq yolunu seçəcək. Və bu da onun böyüməsinə birbaşa təkan olacaq.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti