Cümə axşamı ölkə futbolsevərlərinin diqqəti Şamaxıda olacaq,
Yerli komanda 3-cü turdan təxirə salınmış oyun çərçivəsində son çempionu, çempionatın hazırkı liderini “Qarabağ”ı qonaq edəcək.
İndiki vəziyyətdə sinoptiklər ağdamlıların rahat qələbə qazanacağından xəbər verir. Lakin detallara varanda, fərqli sonluğun yarana biləcəyi ortaya çıxır.
Əvvəla ona görə ki, “Qarabağ” sıx qrafikdə oynayır. Ötən həftə ağır İsveç səfəri, bazar ertəsi “Sumqayıt”la oyun, bu dəfə Şamaxı səfəri. Qurban Qurbanovun sərəncamındakı futbolçuların sayı hər nə qədər çox olsa da, ilin sonuna yaxın yaranan yorğunluq və çemodan əhval-ruhiyyəsi istər-istəməz özünü göstərəcək.
Süni örttük “Qarabağ”lılar üçün ən arzuolunmaz reallıqdır. İsveçdə gördünüz? Meydandakı komandalardan biri “Qarabağ” yox, sanki başqa kollektiv idi.
Qaçmaq, topla istənilən kimi rəftar etmək, ümumiyyətlə, topu otdakı kimi hiss etmək onlar üçün müşkül məsələdir. Bunu süni örtüklü meydanlara sahib olan “ASCO Arena” və Tovuz şəhər stadionlarındakı oyunlarda görmüşük.
Və bu gün üçün ən vacib fakt. “Qarabağ”dakı zədəlilərin çoxluğu, onların yoxluğunun oyun planına təsiri və digərlərinin zədə almaq təhlükəsindən ehtiyat etməsi.
“Köhlən atlar”ın müdafiə xəttinin mərkəzi faktiki cinah müdafiəçilərinin ümidinə qalıb. Cinah müdafiəçiləri mərkəzə çəkildiyi halda, ehtiyat qüvvə kasadlaşır.
Belədə, “Şamaxı”nın Belajdi Pusi və Leroy Mikels kimi texnikalı və sürətli futbolçuları əla imkan qazana bilər ki, xüsusən Şamaxıdakı matçlarda olduqca təhlükəli görünürlər.
Bir sözlə, çempionluğa ən real namizədlə elitada qalmaq uğrunda mübarizə aparan komandanın dueli asan gəzinti xarakteri daşımayacaq və azarkeşlər olduqca maraqlı qarşılaşmaya şahidlik edəcək. “Qarabağ”ın bölgədə xallar itirmək ehtimalı isə kifayət qədər real görünür.
Dekabrın 19-da Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 14:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ