Rəqəmlər növbəti dəfə “Qarabağ”a Avropa Liqasında fayda vermədi.
Bu dəfə ikinci hissənin əvvəli istisna olmaqla, “Elfsborq”la səfər qarşılaşmasında tam üstünlüyə malik olduğu oyunda da Ağdam klubu nəticə əldə edə bilmədi.
Sportinfo.az idman.biz-ə istinadən “Qarabağ”ın statistik göstəriciləri ilə yekun nəticə arasında ziddiyyətlərin daha qabarıq üzə çıxdığı oyununun riyazi mənzərəsini təqdim edir.
Matç boyu topa sahibolma üstünlüyü 70 faizi aşan Azərbaycan klubu ikinci hissənin əvvəlində oyunun ipini əldən verməklə nisbətin bir qədər azalmasına imkan verib. Lakin yenə də yekun fərq kifayət qədər böyük olub. “Elfsborq” göstəricisini ancaq 34 faizə qədər yüksəldə bilib.
Rəqibə 90 dəqiqə ərzində 22 dəfə hücum etmək imkanı verən komandamız özü bundan 2,5 dəfə çox – 55 dəfə, amma səmərəsiz həmlə edib.
Qapıya zərbə sayında 14-ün 9-a üstünlüyə baxmayaraq, “Qarabağ” bu mövsüm əksər oyunlarındakı kimi hədəfi tapmaqda çətinlik çəkirdi. 14 zərbənin cəmisi 2-si qapı çərçivəsinə tuş gəlib. 6 zərbə yan ötüb, bir o qədər də bloka alınıb. Qarşı qapıda isə qapıya yön alan zərbələrin sayı daha çox olub – 3. Daha 4 zərbə hədəfdən yayınıb, 2-si bloka alınıb.
Ötürmələrdə də İsveç təmsilçisi hər baxımdan kifayət qədər geri qalırdı. “Qarabağ”ın 667 ötürməsindən 598-i, yəni 90 faizi ünvanlı olub. Təəssüf ki, ünvansız ötürmələr azsaylı olmasına baxmayaraq, əsasən son mərhələdə üzə çıxdığından nəticəyə də təsirsiz ötüşməyib. Meydan sahibləri isə matç ərzində qonaqlardan az qala 3 dəfə az – 228 dəqiq ötürmə veriblər. Bu, ümumi 295 ötürmənin 77 faizidir.
Şimallı futbolçular 3 dəfə ofsayda düşüblər. Əks tərəfdə oyundan kənar vəziyyət qeydə alınmayıb.
Cəmi 2 künc zərbəsi yerinə yetirən skandinaviyalılar, qarşı tərəfə bundan 2 dəfə çox bayrağa yaxınlaşmağa imkan veriblər.
Cərimə zərbəsini futbolçularımız 20, isveçlilər 7 dəfə yerinə yetiriblər. Qayda pozuntularında da komandalarda buna uyğun əks rəqəmlərdir.
Oyun üstünlüyünə malik komandamız rəqib futbolçuları daha çox hərəkət etməyə məcbur edib. 90 dəqiqə ərzində futbolçuların hərəkət məsafəsi 116,1 kilometrin 110,4 kilometrə nisbətində olub.
Hər iki qapıçı matçda 2 seyvlə yadda qalıb.
Nəhayət, statistikanın ən vacib rəqəmi – yuxarıda qeyd edilənlərin əksini göstərən “Elfsborq”un cavabsız qalan tək qolu.