"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsində keçirdiyi 6 görüşdən 5-də məğlub olması futbol ictimaiyyətində geniş müzakirələrə yol açıb.
Bir fikir isə xüsusilə qabardılır - "Qarabağ"ın indiki heyəti uğura doyub, yenilənməyə ehtiyac var.
Həqiqətənmi mövcud durum bunu tələb edir?
Sualımıza cavab tapmaq üçün üz tutduq "köhlən atlar"ın veteran futbolçusu Cahangir Həsənzadəyə.
Hazırda AFFA-nın Texniki direktoru kimi çalışan keçmiş qolkiper mövzu ətrafında bunları dedi:
"Bu məsələ çox müzakirə olunur. Mən də şəxsi mövqeyimi bölüşəcəm. "
Qarabağ" Avropa səhnəsində kifayət qədər böyük təcrübəsi olan, keyfiyyətli oyunu ilə seçilən komandadır. Son dönəmlər nəticələr qənaətbəxş deyil.
Futbolda isə nəticə vacibdir. Son oyunlarda qələbələrin sayının az olması hamımıza təsir edir.
Amma futbol tərəfindən baxası olsaq, əminliklə deyə bilərəm ki, Qurban müəllim komandasını kifayət qədər yaxşı tanıyır.
Klubun inkişaf yolunun qurucularından biri elə özüdür. Hər hansı dəyişiklik lazımdırsa, bunu Qurban Qurbanovdan yaxşı biləcək ikinci şəxs yoxdur.
O da öz növbəsində lazım olan düzəlişləri edir. Kənardan baxası olsaq, komandanın səviyyəsi milli çempionatla müqayisədə çox yüksəkdir. Lakin beynəlxalq səviyyədə
"Qarabağ" ən yaxşısını etmək məcburiyyətindədir. Hər kəs bacarıqlarının 100%-ni meydanda qoymalıdırlar ki, "Qarabağ" nəticə qazansın.
Təbii ki, bunu hər dəfə etmək olmur. İnsan faktoru olan hər yerdə belədir. O da yekun nəticədə öz əksini tapır.
Ancaq oyuna baxası olsaq, üslub yerindədir. Kifayət qədər qol imkanları yaradılır.
Yararlana bilmirik. Müəyyən səhvlər olur.
Futbolda belə şeylərə normal yanaşmaq lazımdır. Elə bir düstur yoxdur ki, onun əsasında hansısa komanda hər zaman qalib gəlsin.
Nəhəng komandalarda belə eyni heyətlə müxtəlif nəticələr yaşanır. Ümumiləşdirəsi olsaq, düşünmürəm ki, "Qarabağ"da hansısa qeyri-adi addımı atmağa ehtiyac var.
Əminəm ki, rəhbərlik və baş məşqçi durumu nəzarət altında saxlayır.
Ümid edirəm ki, növbəti görüşlərdə kollektiv maksimum gücünü verməklə müsbət nəticə əldə edəcək. Əksi olduğu halda, bu da bir təcrübə hesab oluna bilər".
XANOĞLAN