COP29

Axı bu "Qarabağ"dır... - Nə vaxta kimi?

20:00 Qarabağ 287
Axı bu "Qarabağ"dır... - Nə vaxta kimi?

"Bitib, yenilənməlidir" - dediyimiz "Qarabağ" bu dəfə "Sumqayıt"ı top atəşinə tutdu - 5:0.

Qolları Nəriman, Musa, Cica vurdu. Avrokuboklarda sonuncu dəfə nə vaxt fərqləndiyini özləri də unudan futbolçu yığını...

Reaksiya sıfır, tənqid yox dərəcəsində. Səbəb eynidir - "Qarabağ"la oyunda olar!

Bu gün "Sumqayıt" uduzub, dünənlərdə "Neftçi", "Sabah", "Zirə" də eyni aqibəti yaşayıb.

Reaksiyamız da eyni olub - "Qarabağ"la oyunda olar! Axı bu "Qarabağ"dır...

Olmaz, qardaş!

Nə vaxta kimi "Sabah"ın, "Zirə"nin, "Neftçi"nin, lap elə "Sumqayıt"ın "Qarabağ" önündə şam kimi əriməsinin üzərindən sükutla keçəcəyik?

Aradakı büdcə fərqi "Qarabağ"ın "Tottenhem", "Lion", "Ayaks"la arasında olan fərqindən çoxdur? Yox!

Ənənəsi böyükdür? Yox!

O zaman niyə "Qarabağ"ın gecə-gündüz zəhlə-abırını aparırıq ki, ona niyə uduzdun, buna niyə uduzdun? Niyə udması üçün hey böyüməsini, dəyişməsini tələb edirik?

Sosial şəbəkələrə girmək mümkün deyil. Hamı futbol dahisi olub. Arasında da çox sayda futbol adamı. Sanki "köhlən atlar" Zubiri, Benzianı göndərib də yerinə Rodri, Vinisius falan alacaq.

"Qarabağ" başqa planetdən gəlib, yoxsa oyunçuları və ya baş məşqçisi?

Bu, uman yerdən küsmək yox, konkret birinin yaxasına çöküb, abır-həyasını aparmaqdır. Özü də reallıq hissinə tüpürərək.

Razıyam, "Qarabağ"dan tələblərimiz hər keçən saniyə artsın, amma paralel olaraq yerli klubların da yaxasına çökmək lazımdır ki, niyə "Qarabağ"la bacarmırsınız? Niyə böyümürsünüz? Niyə bu klubla illərdi rəqabət apara bilmirsiniz?

Nə daxili arenada, nə də avrokuboklarda.

Hər dəfə "Qarabağ" önündə qapazaltı olmaq, çempionluq medalını taxmasına tamaşa etmək xoşunuza gəlir?

Böyüməyin yolunu bilmirsinizsə, "Qarabağ" çox uzaqda deyil axı. İllərdi Bakıda məskunlaşan klubun Ağdama köçməsinə də uzun zaman var. Bazasına baş çəkin, iş prosesi ilə yaxından tanış olun. İnkişaf etməyin yollarını öyrənin.

Olmuya "Qarabağ"dan nəsə öyrənməyi özünüzə sığışdırmırsınız?

Bilməmək ayıb deyil, amma öyrənməmək ayıbın ənkəsidir. Nəticəsi də qarşısında başıaşağı gəzmək.

İllərdi milyonları dağıdan "Neftçi"nin, "Sabah"ın, "Zirə"nin Qurban Qurbanovun kollektivinin kölgəsində gizlənməyi bəs edər.

Hərəsinin 15-ə yaxın legioneri var. Hər il 7-8 nəfər yola salınır, əvəzində ən azı o sayda da transfer edilir.

Nəticə?

"Neftçi" zirzəmidə, "Zirə" 14, "Sabah" da 15 xal fərqlə "Qarabağ"ın gerisindədir.

Hələ fantastik çıxışından bəhs etdiyimiz "Araz Naxçıvan"ı demirəm. Bu komandaya azlıqda qalan "Qarabağ" 4:1 qalib gəlib.

"Zirə 15, "Neftçi" 13, "Sabah" və "Araz Naxçıvan" 11, "Turan Tovuz" isə 10 legionerin xidmətindən istifadə edir. Hər birinin ölkəmizdə qalması, qidalanması, əlavə xərcləri n qədərdir.

Qələbələrdə verilən mükafatlar da kifayət qədər böyük.

Və hər biri zora-zor avrokuboklara çıxmağı sıxır. Nə vaxta kimi?

Bəlkə, cılız hədəflərin başını buraxıb, bir az böyümək yolunu seçəsiniz?

"Qarabağ"dan "Ayaks"ı, "Lion"u, "Tottenhem"i udmağı gözləyən, istəyən, arzulayan kütlə öncə yuxarıdakı klublarımızın yaxasına çökməlidir.

Ki, "Qarabağ"a rəqib ola bilsinlər. Ağdam təmsilçisinə məğlubiyyətlər, Ağdam təmsilçisinin çempionluqları daha adi qəbul edilməli deyil. Rəqabət yaradılmalı, müqavimət göstərilməlidir.

Heç olmasa 2-3 mövsümdən bir "Qarabağ" da hiss etməlidir ki, Azərbaycan çempionatında özünə hörmət edən, xərclədiyi milyonların qarşılığını verən klub var.

Yox, elə əcnəbiləri əlcək kimi dəyişib, cılız qələbələrə, hədəflərə pulları dağıdacaqsınızsa, bizə sizin maksimum 1 mərhələ anladığınız avrokuboklar lazım deyil.

Buraxın gümüş, bürünc medal qazanmağın başını.

Başlayın "Qarabağ"ın farm-klubu kimi fəaliyyət göstərməyə.

Məsələn, əcnəbilərin cibini doldurduğunuza, o pullara akademiyalar tikin, azərbaycanlı balalara ən üst səviyyədə şərait qurun. Ki, orada "Qarabağ" üçün, milli komanda üçün futbolçu yetişdirəsiniz. Bəlkə, bu yolla Azərbaycan futboluna faydanız dəyər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti