"Qarabağ" Avropa Liqasının əsas mərhələsində arzuolunan performans sərgiləməyi bacarmadı.
Düzdü, qarşıda hələ 2 oyun var. Amma arxada qalan 6 tur da kiçik göstərici deyil.
"Köhlən atlar" meydana çıxdığı həmin 6 matçda 5 məğlubiyyət alıb.
Ortada uğurusuzluq varsa, çox səbəblər saymaq olar. Amma birinin üzərində xüsusi dayanmağı tövsiyə edərdim.
Söhbət Avropa Liqasının qrup mərhələsinin bu ildən liqa mərhələsi ilə əvəzlənməsindən gedir.
İlk dəfə yeni formatda oynamaq təmsilçimiz üçün asan deyil. Ələlxüsus da onu qeyd etmək yerinə düşər ki, Qurban Qurbanov ikili oyunlarda çox bacarıqlı mütəxəssisdir. Sanki birinci oyunda rəqibi meydanda tanımaq onun üçün analiz baxımından çox kömək etmiş olur. İndi də təcrübəli mütəxəssis belə bir fürsətdən məhrum edilib. Hər rəqiblə 1 oyun prinsipi şərtləri dəyişib.
Ötən mövsümlərdə qrupdakı digər 3 rəqib üzərində baş sındırmalı olan Qurbanov indi vaxtını 8 rəqibə görə nizamlamalıdır.
Yeni formatda gözlənilənlərin altında çıxış edən təkcə "Qarabağ" deyil.
Məsələn, avrokuboklarda zəngin təcrübəsi olan Kiyev "Dinamo"su bu gün Avropa Liqasında xalı olmayan yeganə klubudur.
Çempionlar Liqasında vəziyyət daha qarışıqdır. Almaniya klubu "Leypsiq" 6 turdan sonra hələ də xala həsrətdir.
PSJ ilk 24 klub arasında yoxdur. "Real Madrid" 9 xalla 20-ci, "Mançester Siti" isə 8 xalla 22-ci pillədə qərarlaşıb.
Bütün bunlar sıradan faktlar deyil. Çempionlar Liqasının qazanmağa favorit göstərilən klublar bu gün ilkin mərhələdəcə kənarda qala bilərlər.
Deməli, yeni formatda rəqabət aparmaq daha çətindir. Bəlkə də zaman keçdikcə daha münasib olacaq. Bunu gələcək göstərəcək.
Onsuz da "Qarabağ" bu günlərə təcrübə toplaya-toplaya gəlib.
Qurban Qurbanovun kollektivi qrup mərhələsinə bir neçə cəhddən sonra düşübsə, pley-offa yüksəlməsi də az zaman almayıb.
Görünür, yeni formatda uğurlu olmaq üçün də müəyyən zamana ehtiyac var.
Ümid edək ki, təcrübə qazanmaq yolunda bu mövsüm yetərli olacaq. Və növbəti sezon avrokubokların Liqa mərhələsində daha yaxşı "Qarabağ" görəcəyik.
XANOĞLAN İMANOV