COP29

Görün, kim gəlir! “Qarabağ”ın başına “oyun” açmasa, yaxşıdır

19:40 Qarabağ 428
Görün, kim gəlir! “Qarabağ”ın başına “oyun” açmasa, yaxşıdır

İsveçdə yerli "Elfsborq" və "Qarabağ" arasında keçiriləcək Avropa Liqası oyununun hakimləri müəyyənləşib.

Qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.

FIFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcək. Dördüncü hakim funksiyasını isə Andre Narçiso yerinə yetirəcək.

23 yaşlı hakimliyə gələn 36 yaşlı ədalət təmsilçisi 2017-ci ildən Portuqaliya Primerasının, 2019-cu ildən isə FİFA və UEFA-nın bayrağı altında keçirilən beynəlxalq oyunları idarə edir.

İndiyə qədər avrokuboklarda 18, əsas milli komandalar səviyyəsində 9 matçda meydanda əsas söz sahibi olub.

“Bavariya”, “Çelsi”, “Mançester Yunayted” kimi top-komandaların görüşlərində fir çalan eferi ötən il “Qalatasaray”ın oyununda gündəmə gəlib.

O, Münhendə iş başında olduğu “Bavariya” – “Qalatasaray” duelinin ilk yarısında, hesab 0:0 olarkən meydan sahiblərinin üzvü Alfonso Deyvisə aşkar ikinci sarı vərəqəni göstərməyib və yekunda “Bavariya” 2:1 hesablı qələbəyə sevinib.

Oyun başa çatandan sonra Nobre “Qalatasaray”lı futbolçulara səmimi etiraf etməklə türk fanatları bir az da hirsləndirib:

“Deyvisə ikinci “sarı”nı göstərmədim, ancaq Abdulkərimi də meydandan qovmadım”.

“Qarabağ”ın matçında iş başında olacaq adam növbəti dəfə bu ilin avqustunda “Fiorentina” azarkeşlərin nifrətini qazanıb:

Macarıstanda “Puşkaş”la “Fiorentina” arasında Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb (İtaliyadakı ilk görüş 3:3 hesabı ilə yekunlaşıb) və cütün taleyinə penalti zərbələrində aydınlıq gəlib. İtaliya nəhəngi mərhələni adlayıb.

Nobre avqustunda 29-dakı qarşılaşmada sözün əsl mənasında şou göstərib.

O, “Puşkaş”ın 6 futbolçusuna sarı vərəqə veribsə, “Fiorentina”da 3 nəfəri meydandan qovub, 8 futbolçunu “sarı” ilə cəzalandırıb, Florensiya təmsilçisinin qapısına 90+7-ci dəqiqədə penalti təyin edib və rəqib hesabı bərabərləşdirib.

Ümumiyyətlə, bu hakim idarə etdiyi son 5 avrokubok qarşılaşmasında 28 dəfə sarı, 6 dəfə qırmızı vərəqəyə əl atıb.

Yeri gəlmişkən, portuqaliyalı hakim 2019-cu ilin oktyabrında Azərbaycanın U-21 millisinin oyununa baş hakim kimi təyinat alıb. Fransada yerli komanda ilə keçirilən matçda meydan sahibləri Miloş Obradoviçin rəhbərlik etdiyi yığmamızı 5:0 hesabı ilə məğlub edib.

Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti