Bu mövsüm "Qarabağ"ın avrokuboklardakı oyunları zamanı başımızı çox tutmuşuq.
"Tottenhem", "Lion", "Ayaks" və "Dinamo" (Zaqreb) kimi rəqiblərə məğlub olub deyə yox.
Adlı-sanlı rəqibləri ilə matçlarda çox sayda real qol imkanlarının sağa-sola xərclənməsi tez-tez əlimizi başımıza aparmağa vadar edib.
İlk vaxtlar bunun adını bəxtsizlik qoyduq. Tendensiya daha uzun vadədə davam edincə rəqiblərin adına bağlayıb, səviyyədə geri qaldığımız qənaətinə gəldik.
Məncə, bu da tam doğru təsbit deyil.
Əvvəla səviyyəsi o qol imkanlarını vurmağa çatmayan futbolçu bəs bu qədər qol imkanlarını necə yaxalaya bilir?
Özü də "köhlən atlar" real qol epizodalarını yalnız standart vəziyyətlərdən sonra deyil, əksər vaxt baxımlı hücumların yekununda əldə edib. Güclü rəqiblərlə oyunda baxımlı kombinasiya quranda ayağı əsməyən oyunçu yekun nöqtəni qoyandamı çaşqınlıq yaşadı? İnandırıcı deyil.
Və ikinci məqam ondan ibarətdir ki, "Qarabağ"ın üzvləri bənzər qol imkanlarını elə Premyer Liqa matçlarında da puç edir. Məsələn, "Sabah"la son oyunda kollektiv son 10 dəqiqədə bəlkə 3-4 real qol şansını boşa verdi. Yəqin ki, burada da səviyyə söhbəti barədə danışmaq iki qat yersiz olar.
Deməli, son çempionun bu il başına gələnlərin tək səbəbi heç də səviyyəli rəqibləri ilə bağlı deyil.
Bunda digər amillər də xüsusi yer alır.
Bəxtsizlik öz yerində. Bir də məsuliyyət hissinin azlığını demədən keçmək olmaz. Bu, özünə həddən ziyadə güvənmək psixologiyası da ola bilər.
Hər iki halda diqqətli olmaq mütləqdir.
Belə məsələlər daha çox psixoloji amillə bağlıdır. Gərək futbolçu özü-özünü belə boşluqda düzgün tərbiyə etməsini bilsin. Baş məşqçinin nəsihətləri heç də hər vaxt yetərli olmur.
Qarşıdan "Elfsborq"la çox əhəmiyyətli matç gəlir.
Əminəm ki, arxada qalan oyunlarda olduğu kimi, İsveçdə də "Qarabağ" qol vurmaq üçün əla fürsətlər qazanacaq.
Ümid edək ki, bu dəfə "Qarabağ"ın futbolçularında məsuliyyət hissi yerində, diqqətli olmaq və səliqəli oynamaq isə ən üst səviyyədə olacaq.
Məncə, belə olan halda qol vurmaq da problemə çevrilə bilməz.
XANOĞLAN İMANOV