COP29

“Qarabağ” məşhur tərəfdaşla müqavilə imzaladı - Yeni məqsəd odur ki...

11 Dekabr 19:00 Qarabağ 479
“Qarabağ” məşhur tərəfdaşla müqavilə imzaladı - Yeni məqsəd odur ki...

Bakıda təşkil edilən və bütün dünya üçün əhəmiyyətli olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) tarixi qərarla yekunlaşdı.

COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən, kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olundu.

Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

COP29-un uğurlarından biri Azərbaycanı bütün Avropada tanıdan “Qarabağ” futbol klubunun reallaşdırdığı layihədir. COP29 günlərində qitənin tanınmış futbol klubları “Qarabağ”ın çağırışına müsbət cavab verərək, yeni alyansı təsis etdi.

"Qarabağ" FK-nın təşəbbüsü, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə yaradılan bu alyans BMT-nin iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2018-ci ildə təsis etdiyi İdmanla İqlim Fəaliyyəti Çərçivəsinə (Sports for Climate Action) uyğun olaraq hazırlanmış bir platformadır.

Bu çərçivə futbol klubları üçün yalnız iqlim məsələlərində iştirak etmək deyil, həm də konkret öhdəliklər götürmək deməkdir.

Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi rəsmiləşəndən sonra Avropa və dünyada ölkə həqiqətlərinin böyük təbliğatçısına çevrilən “Qarabağ” qısa zamanda böyük layihəyə töhvəsini vermək qərarına gəldi.

“Qarabağ”ın təşəbbüsüylə qitənin sayılıb-seçilən klubları məhz Bakıda birgə alyansın təsis olunmasına dəstək verdi. Qurum bir neçə klubun yer aldığı komitə tərəfindən idarə olunacaq və digər klublar da böyük təşəbbüsə qoşulacaq.

Yeni qurumda “Qarabağ”la yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer aldı.

Bunlar “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”dür (İsveç).

Alyansın yaradıcıları hesab olunan bu klubların nümayəndələri Bakıda yeni qurumun təsis edilməsi barədə sənədə imza atdılar.

"Qarabağ"ın dəvəti ilə Türkiyə millisi, "Qalatasaray", "Milan", "Fiorentina" kimi komandalara baş məşqçilik etmiş dünyaca ünlü Fatih Terim COP29-da qonaq oldu və tədbirin əsas ideyasına dəstəyini nümayiş etdirdi.

Bakı Deklarasiyasının imzalanması ilə alyans iqlim dəyişikliyi ilə mübarizədə klubların üzərinə götürdüyü öhdəlikləri daha aydın şəkildə göstərdi.

Bakı Deklarasiyası praktiki addımların atılmasını tələb edən bir çərçivədir. Klublar yalnız karbon emissiyalarını azaltmaqla kifayətlənməyəcək, həm də illik hesabatlar təqdim edərək, bu öhdəliklərin necə yerinə yetirildiyini nümayiş etdirəcəklər.

Bu öhdəliklər azarkeşləri də daha məlumatlı və məsuliyyətli etməyi hədəfləyir.

Stadionlarda tullantıların azaldılması, ekoloji nəqliyyat vasitələrindən istifadənin təşviqi və maarifləndirici kampaniyalar bu prosesin ayrılmaz hissəsidir.

Bu tədbirlər futbol azarkeşləri arasında ekoloji şüurun formalaşdırılmasına böyük təsir göstərəcək. Futbol klublarının ətraf mühitə təsiri böyükdür.

Stadionların enerji istifadəsindən tutmuş, səfərlərdə istifadə olunan nəqliyyat vasitələrinə qədər hər bir addım ekoloji təsirə malikdir.

Deklarasiyaya əsasən, klublar bu təsiri azaltmaq üçün yeni texnologiyalar tətbiq etməyi, enerji effektivliyini artırmağı və təkrar emal proseslərini genişləndirməyi hədəfləyirlər.

Amma ən vacib addımlardan biri azarkeşlərin maarifləndirilməsidir. Futbolçuların və klubların azarkeşlər üzərində böyük nüfuzu var.

Bu nüfuzdan istifadə edərək, azarkeşlərin ekoloji mövzularda məlumatlılığını artırmaq və onları ətraf mühitin qorunmasına yönləndirmək ən ümdə məsələlərdəndir.

Bakı Deklarasiyası yalnız klublar üçün deyil, həm də qlobal dayanıqlılıq hərəkatı üçün mühüm bir addımdır. Bu deklarasiya 2030-cu ilə qədər karbon emissiyalarını azaltmaq və 2040-cı ildə sıfır emissiyaya nail olmaq məqsədini konkretləşdirir.

Bundan əlavə, klublar arasında resurs və təcrübə mübadiləsi həyata keçirmək üçün bir platforma yaradır. Bu deklarasiyanın əsasında Avropa Klublar Birliyinin tərkibində idarəetmə komitəsi yaradılacaq.

Komitə deklarasiyanın yalnız kağız üzərində qalmasının qarşısını alacaq, praktiki addımlara çevrilməsini təmin edəcək. Hər bir klub öz azarkeşləri ilə birgə dayanıqlı layihələr həyata keçirəcək və illik hesabatlarla öz fəaliyyət və inkişafını göstərəcək.

Sözsüz ki, alyansın tərkibi 11 klubla məhdudlaşmayacaq. 700-dən artıq klubun yer aldığı Avropa Klublar Assosiasiyasının yeni yaradılan qurumu dəstəkləməsi, alyansın üzvlərinin yaxın gələcəkdə sürətlə artmasını, coğrafiyasının genişlənməsini şərtləndirir.

“Qarabağ”ın İdarə Heyətinin üzvü, Avropa Klublar Birliyinin (ECA) İşçi Qrupunun katibi Asif Əsgərov “Region Plus”a açıqlamasında alyansın və təmsil etdiyi klubun əsas hədəflərini belə açıqlayıb:

“BMT-nin 2018-ci ildə təsis etdiyi İdmanla İqlim Fəaliyyəti Çərçivəsi, klubların iqlim dəyişikliyi ilə mübarizədə konkret hədəflər müəyyən etməsini tələb edir.

Bu hədəflərdən biri 2030-cu ilədək karbon emissiyalarını 50%-ə qədər azaltmaq, 2040-cı ilədək isə sıfır emissiyaya nail olmaqdır. Bu təşəbbüs, böyük və kiçik klubların ətraf mühitə təsirini azaltmaq üçün bir yol xəritəsi təqdim edir.

Bakı deklarasiyasına qoşulan klublar həm də BMT-nin İdmanla İqlim Fəaliyyəti Çərçivəsi, klubların iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətinə dəstək olur.

“Qarabağ” olaraq, təşəbbüsü irəli sürməklə öhdəliyimizə də başa düşürük. Bu sahədə öndə gedən “Deloitte” şirkətiylə müqavilə imzaladıq.

Razılaşmaya əsasən, “Deloitte” klubun dayanıqlıq strategiyasında yol xəritəsinin hazırlanmasında bizə yardımçı oldu. Klubun nə qədər karbon emissiyasını istifadə etdiyi və azaldılmasıyla bağlı müvafiq işlərin həyata keçməsində bizə yardım edəcək.

Klubların əsas məqsədi əlbəttə nəticəni düşünmək, idmanın bu növündə uğur qazanmaq istiqamətində işlər görməkdi.

Düşünürəm ki, iqlim dəyişikliyinə qarşı mübarizədə belə layihələrdə də “Qarabağ” iştirakı qürurvericidi. Sevinirik ki, Azərbaycanda da bunu edən ilk “Qarabağ” oldu”.

Bakı Deklarasiyasının təsis edilməsi, dayanıqlılıq sahəsində yeni bir dövrün başlanğıcıdır. Bu təşəbbüs, yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün bir model olacaq.

"Qarabağ"ın bu liderlik rolu göstərir ki, futbol yalnız qələbə və məğlubiyyətlərlə ölçülmür; bu, cəmiyyətin və planetin gələcəyi üçün də əhəmiyyətlidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti