"Qarabağ" oyun baxımından rəqibdən geri qalmadı".
Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu və kapitanı Maksim Medvedev Avropa Liqasının Liqa mərhələsinin V turunda “Lion”la (Fransa) baş tutan oyunu dəyərləndirərkən deyib.
O, “Qarabağ”ın rəqibdən geri qalmadığını vurğulayıb:
“Əlbəttə, oyundan əvvəl belə bir nəticə gözləmirdik. “Lion”un hansı səviyyədə futbol nümayiş etdirdiyini bilirik.
"Qarabağ" oyun baxımından rəqibdən geri qalmadı. Sadəcə, qonaqlar imkanlardan istifadə edə bildilər.
"Qarabağ"ın isə günü deyildi. Top dirəklərə dəyirdi, imkanlardan istifadə edə bilmirdik.
Təəssüf ki, sonda belə nəticə oldu. Ancaq hesab oyuna görə deyildi. Hətta qarşılaşmadan sonra “Lion”un baş məşqçisi də bunu vurğuladı.
Meydanda başabaş mübarizə gedirdi. Ola bilsin, rəqib futbolçular fərdi ustalıqlarına görə daha yaxşı çıxış etdilər. Ona görə də nəticə belə alındı”.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan “Qarabağ” - “Lion” matçı Fransa klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.