Bir neçə dəqiqədən sonra Tofiq adına Respublika stadionunda yekun nəticəsi yaxşı mənada tarixə düşə biləcək qarşılaşmanın start fiti çalınacaq.
Diqqət mərkəzində yenə Azərbaycanın Avropadakı qüruru “Qarabağ”dır. Rəqib isə Fransanın ünlü komandalarından olan “Lion”dur.
Bizimkilərin bu oyundan qələbə ilə ayrılacağına böyük ümidlər bəslənir. Daha doğrusu, bir neçə məqam var ki, onlara xüsusi nəzər yetirəndə, arenadan qələbə qoxusu gəlir.
* Əvvəla ona görə ki, ötən turda səfərdə “Budyo Qlimt”i udan “Qarabağ”da möhtəşəm ab-hava hökm sürür. Növbəti 3 xalın ovuna çıxan “köhlən atlar”ın ardıcıl ikinci qarşılaşmada əldə edəcəkləri qalibiyyət turnir cədvəlində ciddi irəliləyişə təkan verəcək. Motivasiya pik həddədir.
*Qarabağ” uzun müddətdən sonra meydana optimal heyətlə çıxacaq. Düşərgədə cəzalı futbolçu yoxdur. Zədəlilərin də sıraya qayıtdığını deyə bilərik. Marko Veşoviçlə bağlı narahatlığa son qoyulub. Yeganə itki Bədavi Hüseynovdur ki, Bəhlul-Kevin tandemi heç də pis alınmır.
“ Son illərin dəyişməz Azərbaycan çempionunu fransızlarla qarşılaşmalarda sərfəli nəticə qazanmaq bacarığını dəfələrlə göstərib. Uzaq 1999-cu ildəki “Monpelye” ilə oyunları hesaba almasaq (0:3, 0:6), son 15 ildəki göstəricilər qənaətbəxşdir.
“Qarabağ” 2014-cü ildə üz-üzə gəldiyi “Sent-Etyen”lə Bakıda qolsuz bərabərə qalmış, səfərdə 1:1 oynamışdı.
Bir il sonrakı rəqib “Monako” idi. Bakıda 1:1 hesablı heç-heçə, Fransada bizimkilərin 0:1 hesablı yenilgi qeydə alınmışdı.
2022-ci ilin fevralında ilk dəfə qrupdan çıxmaq sevincini yaşayan “Qarabağ”ın bəxtinə “Marsel” çıxmışdı. Ağdamlılar hər iki oyunda uduzmuşdu – 0:3, 1:3.
Və yaxın keçmişə - 2022-nin payızına təsadüf edən “Nant”la qarşılaşmalar. Səfərdəki oyun fransızların 2:1 qələbəsi ilə başa çatmış, Bakıda “Qarabağ” rəqibi meydana çıxmağa peşman etmişdi – 3:0.
*Fransanın ermənipərəst ölkə olduğunu kim bilməsə də, azərbaycanlılar yaxşı bilir. Bu fakt komandadakı yerli futbolçulara xüsusi motivasiyadır. Legionerlərdən Fransa klubları ilə bağlılığı olan Yassin Benzia ilə Abdullah Zubir də qarşılaşmaya inanılaz motivasiya ilə çıxacaq. Oyunun Fransada yayımlanacağını yaxşı bilən adıçəkilənlər özlərini yaxşı tərəfdən göstərmək üçün alışıb-yanacaqlar.
Qısası, “Qarabağ”ın bu axşam uduzmayacağına əmin olmaq üçün kifayət qədər ümidverici fakt var. Qalır rəqibin adından çəkinmədən mübarizə aparıb, ən əsası, ələ düşən imkanları qola çevirmək.
Qarşılaşma bu axşam saat 21:45-də başlayacaq.
HƏBİB