“Bakı Metropoliteni” noyabrın 28-də dəyişdirilmiş iş rejimində çalışacaq.
Sportinfo.az xəbər verir ki, bu, “Qarabağ”ın Avropa Liqasının 5-cu turu çərçivəsində “Lion”la keçirəcəyi oyunla əlaqədardır.
Bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, AFFA-nın müraciəti əsasında və Bakı metropoliteninin paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, stansiyaların iş rejimi 1 saat uzadılacaq:
“Qarşılaşmanın gecə saatlarında yekunlaşacağı nəzərə alınaraq, arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında axşam saatlarından gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bütün stansiyaların qapıları gecə saat 01:00-a qədər açıq olacaq. “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq”.