"Qarabağ"ın 23 yaşlı futbolçusu Toral Bayramov ötən gecə Norveçdə "Bodø/Glimt"ə vurduğu qolla adından söz etdirib.
Belə ki, Toralın cərimə meydançasından kənarda vurduğu dəqiq zərbə UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu olub.
"Qarabağ" Futbol Klubunun və Azərbaycan millisinin yarımmüdafiəçisi Toral Bayramov 23 fevral 2001-ci ildə Lənkəranda anadan olub.
O, 2018-2019-cu futbol mövsümündə Azərbaycan U19, 2019-2021-ci illərdə Azərbaycan U21 millilərinin şərəfini qoruyub. Toral 2021-ci ildən bəri Azərbaycan milli futbol komandasında çıxış edir.
O, millidə ümumilikdə 27 oyun keçirib, 4 qol vurub. Məşhur "Transfermarkt" portalına görə oyunçunun transfer dəyəri 1 milyon avrodur.
Toral Bayramov 2020-ci ildə 21 yaşadək futbolçulardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində Fransa millisinə vurduğu qolla da gündəmə gəlmişdi.
Hesabda 0-2 top fərqi ilə geri düşdüyümüz matçın 90-cı dəqiqəsində Toral cərimə zərbəsindən fərqlənərək fransızları məyus etməyi bacarmışdı.
Toral Bayramovun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Banu Hüseynli