15 ildir ölkəmizi avrokuboklarda layiqincə təmsil edən “Qarabağ” üçün daxili yarışlarda mübarizə aparmaq heç də asan deyil.
Tribunaları dolu, gərginliyi pik həddə olan Avropa Liqasının görüşlərindən sonra Premyer Liqada boş tribunalar qarşısında oynamaq futbolçulara psixoloji baxımdan təsir edir.
Oyunların tempinin yüksək olmaması isə ayrı bir dərddir. Beynəlxalq matçlarda ildırım sürətinə tab gətirməli olan “Qarabağ”ın üzvləri çempionat oyunlarında meydanda ayaq sürümək məcburiyyətində qalır.
Maraqlıdır, ölkəmizdə ilk ilini keçirən Mateuş Koxalski bu barədə nə düşünür?
Beynəlxalq və daxili yarışlardakı fərqlər futbolçulara nə dərəcədə təsir edir?
Polşalı qapıçı Sportinfo.az-a bunları deyib:
“Hər yarışın özünə görə özəlliyi var. Kənardan baxanda Premyer Liqa bizim üçün asan görünə bilər.
Ancaq belə deyil. Ötən tur Tovuzda hansı çətinliklərlə üzləşdiyimizi gördünüz.
Çempionatda amansız rəqabət var. Önəmli olan odur ki, heyətimiz genişdir və məşqçilər heyətinin rotasiyalar etmək imkanı var.
Turnirləri bir-birindən fərqləndirməyin tərəfdarı deyiləm. Hər qarşıdan gələn oyuna böyük həvəslə hazırlaşırıq. Bundan sonra da bu şəkildə davam edəcəyik”.
Premyer Liqada 12 oyun keçirən “köhlən atlar” 31 xalla turnir cədvəlinə liderlik edir.
Avropa Liqasının Liqa mərhələsində isə IV turdan sonra 3 xal toplamaqla 36 komanda arasında 29-cu sırada yer alıb.
HƏBİB