Milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə xüsusən “Qarabağ”ın futbolçuları üçün göydəndüşmə olub.
Bu siyahıya yığma komandaların sıralarına qatılan oyunçular daxil deyil. Lakin digərləri yaxşı dincəlmək fürsəti qazanacaq.
Belə ki, baş məşqçi Qurban Qurbanov “Zirə”ylə oyundan sonra yetirmələrinə istirahət etmək üçün zaman verib. Onlar üç gün ərzində toxunulmazdır.
İstəyən xarici ölkəyə üz tuta, yaxud doğmalarına baş çəkmək üçün vətəninə yollana bilər.
Ancaq bir şərtlə, noyabrın 14-ü hamı bir nəfər kimi bazada olmalıdır. Məhz cümə axşamından etibarən “Səbail”lə qarşılaşmanın hazırlıqlarına start veriləcək.
Maraqlıdır ki, Qurbanov fasilə dönəmində yoldaşlıq görüşünün keçirilməsini labüd saymayıb. Buna səbəb düşərgədə futbolçunun sayının az olması və oyunçuları zədədən qorumaqdır.
Maraq üçün bildirək ki, 8 nəfər Azərbaycan millisinə (Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev, Aleksey İsayev, Nəriman Axundzadə, Musa Qurbanlı), Marko Yankoviç Monteneqro, Yassin Benzia Əlcəzair, Patrik Andrade isə Kabo-Verde seçməsinə dəvət olunublar.
Sadiq Məmmədzadə isə Azərbaycanın U-19 yığmasının sıralarında olacaq.
HƏBİB / SPORTİNFO.AZ