COP29

İlkin Fikrətoğlu - Onlar “Qarabağ”ı bağışladı, bunlar bağışlamayacaq

10 Noyabr 18:35 Qarabağ 7 946
İlkin Fikrətoğlu - Onlar “Qarabağ”ı bağışladı, bunlar bağışlamayacaq

“Qarabağ”ın “Dinamo Zaqreb”lə başlayan ardıcıl məğlubiyyətlərindən sonra hamı dönüş nöqtəsini gözləyirdi.

Komandanın ötən mövsüm Avropada parlaq çıxışının fonunda indi ardıcıl 5 yenilgini həzm etmək azarkeş üçün də, media üçün də çətin idi.

Amma ötən dəfə dediyim kimi, Avroliqada xalları itirsək də, ümidimizi itirməmişdik.

Nəhayət, Qurban Qurbanov və komandası bu inamın qarşılığını verdi. “Bude Qlimt”in qəliz rəqib olması əvvəldən məlum idi.

Bir tərəfdən də “Qarabağ”ın alışmadığı hava şəraiti. Hər şeyə rəğmən, gün “Qarabağ”ın günü idi.

Cəzalı Julio Romaonun yoxluğunu bəziləri itki kimi dəyərləndirsə də, əksinə, onun olmaması komandamızın işinə yaradı.

Patrik Andrade əla oyunu ilə bu boşluğu hiss etdirmədi. “Partizan”dan qayıtdıqdan sonra performansında eniş hiss olunan kapo-verdeli yarımmüdafiəçi artıq əvvəlki formasını bərpa etməkdədir.

Norveçdəki qələbədə əsas pay sahiblərindən biri də Patrik idi. Hələ qapı tirindən dönən zərbəsi zamanı bəxti gətirsəydi, adı qol vuranların sırasına da yazılacaqdı.

Son vaxtlar çox tənqid olunan Kevin Medina da bu dəfə meydanda ən yaxşılardan idi. Cəzalı Elvin Cəfərquliyevin yeri görünürdü və onun yoxluğunda Medianın başçılıq etdiyi müdafiə xəttinin işi ağırlaşmışdı.

Təbii ki, oyunun bəzəyi Toral Bayramovun vurduğu möhtəşəm qol idi. Komandada ən zəif bəndlər isə Abbas Hüseynov, Alksey Kaşşuk və Emmanuel Addai idi.

Kaşşukun formaya düşməsi, deyəsən, xeyli vaxt aparacaq. Addai də hələlik qətiyyən komandaya uyğunlaşmayıb.

Qurban Qurbanov bu dəfə əvəzetmələrdə gecikmədi, 62-ci dəqiqədə onların hər üçünü oyundan aldı.

Bundan sonra “Qarabağ” norveçlilərin artmaqda olan təzyiqinin qarşısında özünə gəlib, rəqibi sıxmağa başladı və tezliklə Zubirin müdafiəçiləri yarıb keçən zərbəsi ilə qələbə qolu vuruldu.

2:1 - Zəfər Günündə tam yerinə düşən bir zəfər! Bunu “Qarabağ”ın xalqa bayram hədiyyəsi də saymaq olar.

Əlbəttə, qaliblər mühakimə olunmur. Amma bu matçda da komandada nöqsanlar az deyildi.

“Bude Qlimt” bir neçə real qol şansını qaçırdı və razılaşaq ki, bəxt “Qarabağ”ın üzünə güldü. Yoxsa ilk qələbənin sevincini yaşaya bilməzdik.

Norveçdəki qalibiyyət “Qarabağ”ı Avroliqanın cədvəlində nə az, nə çox, düz 7 pillə yüksəltdi.

Pley-offa vəsiqə verən ilk “24-lüy”ə düşmək üçün şans artdı. Qalan 3 oyunda da sonadək döyüşmək lazım gələcək.

Bu yolda birinci “döyüş” isə noyabrın 28-də vahiməli görünən “Lion”a qarşı Bakıda olacaq. “Lion” isə “Bude Qlimt” deyil və səhvləri bağışlamır.

Ona görə də bu imtahana Qurbanov və komandası yüksək səviyyədə hazırlaşmalıdır.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti