"Qarabağ"ın 23 yaşlı müdafiəçisi Toral Bayramov Norveçdə "Bodø Qlimt"ə vurduğu qolla adından söz etdirib.
Belə ki, Toralın cərimə meydançasından kənarda vurduğu dəqiq zərbə Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu olub.
Hazırda dünya futbolsevərlərinin diqqət mərkəzində olan gənc futbolçumuz haqqında bəzi maraqlı məlumatları təqdim edirik:
Bayramov 23 fevral 2001-ci ildə Lənkəranda anadan olub.
O, 2018-2019-cu il mövsümündə U-19, 2019-2021-ci illərdə U-21 millilərinin şərəfini qoruyub. 2021-ci ildən bəri əsas yığmada çıxış edir.
“Xəzər Lənkəran”ın yetirməsi burada ümumilikdə 27 oyun keçirib, 4 qol vurub. Məşhur "Transfermarkt" portalına görə, oyunçunun transfer dəyəri 1 milyon avrodur.
O, 2020-ci ildə 21 yaşadək futbolçulardan ibarət komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində Fransaya vurduğu qolla da gündəmə gəlmişdi.
Hesabda 0:2 hesabıyla geri düşdüyümüz matçın 90-cı dəqiqəsində cərimə zərbəsindən fərqlənib.
Toral Bayramovun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayına qədərdir./BAKU.WS