Bu axşan saat 21:45-dən etibarən dünya azərbaycanlılarının gözü Norveçdəki “Aspmira” stadionuna dikiləcək.
Avropa Liqasının qrup mərhələsindəki fəxrimiz “Qarabağ” Liqa mərhələsinin IV turunda “Budyo Qlimt”in qonağı olacaq.
Cütün favoriti istəsək də, istəməsək də, rəqib komandadır. Özlərinə doğma olan Skandinaviya havasında və öyrəşdikləri meydanda mübarizə aparacaqlar. Tribunalardakı ab-hava da norveçlilərin xeyrinə işləyəcək.
Liqa mərhələsində 3 oyun keçirən, “Portu” ilə “Braqa”nı məğlub edərək, Belçika “Union”u ilə heç-heçəyə razılaşan “sarı-qaralar”ın düşərgəsində möhtəşəm atmosfer yaşanır. Məğlubiyyət acısı dadmayan komanda meydana daha rahat və hazırlıqlı çıxacaq.
“Qarabağ”dakı durumu izah etməyə gərək yoxdur. Cari avrokubok mövsümü ağdamlılar üçün qara gəlib. Qurban Qurbanovun yetirmələri 2-si Liqa mərhələsində olmaqla ardıcıl 5 matçı məğlub başa vurub, öz qapısından 13 top buraxmaqla rəqib qapısına 1 dəfə yol tapıb.
Ardıcıl 6-cı dəfə uduzmamaq üçün bir çıxış yolu var - nəticəni düşünmədən mübarizə aparmaq. Taktiki gedişlər, texniki hazırlıq, psixoloji amil – hamısını kənara qoyub, “Budyo Qlimt”i düşmən komanda gözündə görmək lazımdır.
Meydanın hər qarşında pressinq etmək, ikili mübarizələrdə sərtlik göstərmək, rəqibin gözünün odunu almaqla hədəfə çatmaq ən asan yoldur.
Söhbət sırf futbol oynamağa qalsa, norveçlilər istəyinə çatacaq. Bu gün onlar “Qarabağ”dan daha güclü və hazırlıqlıdırlar. Odur ki, əsl qəhrəmanlar kimi döyüşüb, oyuna “ölüm-qalım” savaşı kimi yanaşmaq şərtdir.
“Köhlən atlar” indiyə qədər məhz bu keyfiyyəti sayəsində aparıcı Avropa klublarını məğlub etməyi, ən pis halda xal almağı bacarıb. Bu gecə də həmin günlərdən biri olmalıdır.
“Aspmira” stadionunda keçiriləcək duel Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ