"Qarabağ" sabah Avropa Liqası Liqa fazasının 4-cü turu çərçivəsində səfərdə "Budo Qlimt"in qonağı olacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Son vaxtlar qarşılaşdığımız komandaların içində ən intizamlı oyun göstərən rəqibə qarşı oynayacağıq. "Budo Qlimt"in demək olar ki, bütün futbolçuları norveçlidir. Son illərdə Norveçin həm milli, həm də klub səviyyəsində əldə etdiyi nəticələr göstərir ki, bu ölkədə futbola necə yanaşma var. "Budo Qlimt" özünəxas oyun sistemi ilə seçilir. Sabah hər komponentdə diqqətli olmalıyıq ki, bu komandadan üstün olaq. Rəqibin üstün cəhətləri çoxdur. Həm meydança amili, həm son matçlarda göstərdikləri nəticələr. İnanıram ki, futbolçularım yaxşı nəticə üçün ən yaxşısını edəcəklər. Hər iki komandaya uğurlar arzulayıram.
- "Tottenhem" və "Ayaks"ı "Budo Qlimt"lə necə müqayisə etmək olar?
- Nəticələrə görə eyni səviyyədə dəyərləndirirəm. Rəqibin heyətində qapıçıdan başqa 10 norveçli oynayır. Onlar bir-birini meydanın hər yerində düzgün tamamlayırlar. Hər futbolçu öz komanda yoldaşının səhvini sığortalamağa çalışır. Elə-belə deyil ki, "Budo Qlimt" böyük komandalara qalib gəlib. Futbolçular tapşırığı sevə-sevə yerinə yetirir. Bu, onların üstünlüyüdür.
- Norveçin digər komandası "Molde"ni məğlub etmisiz. "Budo Qlimt"lə oyunda eyni nəticəni təkrarlamaq mümkündür?
- Bizim üçün heç də asan olmamışdı. Həmin matçlarda bəlkə rəqib də qalib gələ bilərdi. "Budo Qlimt"in "Molde" ilə oyununu izləmişdim. Hesab 3:3 olmuşdu. İkisi də eyni səviyyədə komandadır. Norveç çempionatında ilk 8 komanda arasında gərgin rəqabət gedir. Norveç futbolu inkişafdadır. Oyunun gedişində yaxşı rotasiyalar edirlər. "Budo Qlimt"lə "Molde"ni bir-birindən ayırmaq istəmirəm. Sabah qələbə qazanmaq ehtimalımız da var, məğlub olmaq ehtimalımız da. 90 dəqiqə ərzində diqqətli və intizamlı olmalıyıq.