"İlk üç turdakı məğlubiyyətdən sonra "Qarabağ"da psixoloji eniş ola bilər".
Bu sözləri "Qarabağ"ın Avropa Liqasının əsas mərhələsində "Bodo Qlimt"lə qarşıdakı matçından öncə Sportinfo.az-a açıqlamasında Arif Əsədov səsləndirib.
Millinin sabiq məşqçisi buna baxmayaraq yenə ağır səfərdə təmsilçimizin uğurlu olacağına inamını ifadə edib:
"Qarabağ" təcrübəli komandadır. Belə situasiyalarla çox üzləşib.
Ona görə də bu matça geridönüş matçı kimi baxmaq olar. Yəqin ki, klubda da belə düşünürlər".
Əsədov sonda Norveç səfərində əldə olunacaq müsbət nəticənin digər görüşlərə də əhəmiyyətli təsirindən danışıb:
"Qələbə və ya əldə olunacaq 1 xal növbəti görüşlər üçün yaxşı stimul ola bilər. Bəli, maneələr ola bilər.
Hava şəraiti, meydançanın süni örtük olması "Qarabağ"ın əleyhinə işləyə bilər. Amma "Qarabağ" bütün şərtlər altında toparlanmasını bilən kollektivdir.
Bu baxımdan sabahkı matça pozitiv yanaşaq. Ən azı 1 xal qazanmaq olar.
Qələbə qazansalar, daha yaxşı olar. Uğurlar arzu edirəm".
XANOĞLAN