COP29

İlkin Fikrətoğlu bütün sirləri açdı -  “Qarabağ” nəyin əziyyətini çəkir?

29 Oktyabr 17:40 Qarabağ 4 375
İlkin Fikrətoğlu bütün sirləri açdı -  “Qarabağ” nəyin əziyyətini çəkir?

“Qarabağ” bizi Avropada qələbələrə öyrəşdirdiyi kimi, indi də məğlubiyyətlərə alışdırır.

“Ludoqorets” üzərində darmadağından sonra Azərbaycan çempionu ardıcıl 5-ci oyundur uduzur və bu məğlubiyyətlərdən üçü Avropa Liqasının əsas mərhələsində qeyə alınıb.

Beş ardıcıl yenilgi və bu 5 oyunda top fıərqi 1:13-dürsə, deməıi, burada təsadüfi uğursuzluqdan, bəxtsizlik, hakim səhvlərindən danışmaq yersizdir. Səhvi özümüzdə axtarmalıyıq.

Bəli, bura Avroliqadır, rəqiblərin hamısı orta və yüksək səviyyəlidir. Amma məsəl var, ayıdan qorxan meşəyə getməz.

Bu mərhələyə gəlib çıxmısansa, “Ayaks”la oyuna da hazır olmalısan, “Tottenhem”lə də. Necə ki, bu səviyyəni “Qarabağ” ötən mövsüm “Bayer Leverkuzen”lə, “Braqa” ilə oyunlarda göstərdi.

“Bayer”ə hətta uduzsa belə oyun indiyədək xatırlanılır, danışılır, çünki meydanda mübariz, əzmkar bir komanda vardı.

İndi isə “Qarabağ” suyu çəkilmiş dəyirmana bənzəyir. Komanda tempdən düşüb, ruhdan düşüb.

Üç turdan sonra hətta Latviya RFS-nin, “Qarabağ”ın darmadağn etdiyi “Ludoqorets”in də hesabında xal var, biz isə hələ ki, məğlubiyyətləri sıralayırıq.

Konkret “Ayaks”la matça gəlincə, əksəriyyət şotlandiyalı referini qınayır. Amma deməzdim ki, hakim oyunu əclafcasına idarə etdi.

Fikrimcə, Nikolas Uolşun ən ciddi səhvi Juninyoya qarşı epizodda “Ayaks”ın qapısına penalti təyin etməməsiydi. Qalan epizodlara - Julio Romaonun aldığı qırmızı vərəqəyə söz ola bilməz.

Bunu hətta uşaq da bilir ki, sonuncu oyuncu qapıçıyla təkbətək mübarizəyə gedən rəqibi tutub saxlayırsa, bu, qırmızı vərəqədir.

Düzdür, Qurban Qurbanovun o epizodla bağlı başqa fikri var: Məşqçimiz deyir ki, əvvəlcə “Ayaks”ın oyuncusu Romaoya əl atır.

Yenə səhv “Qarabağ”ın yarımmüdafiəçisindədir.

Rəqib bu formada dirsəklə sənə təzyiq edirsə, tut üzünü, yıxıl yerə, o aparıb hətta qol vursa belə, yerdə qaldığın epizoda görə azı VAR-a baxılacaq və dirsəklə üzə təmas olduğu üçün qayda pozuntusu qeydə alınacaq.

Yəni, Avroliqanın əsas mərhələsində oynayan oyunçunun başı azı bunu biləcək qədər işləməlidir. Romao isə özü yıxılmadı. əksinə, sürətdə geri qaldığı rəqb oyunçunu tutub saxlayaraq haqlı olaraq qırmızı vərəqəsinı aldı.

Nəzərə alsaq ki bu, Romaonun birinci yox, neçənci səhvidir, demək, Qurban Qurbanovun onunla ciddi söhbət eləmək üçün yetərincə əsası var.

Hakimlə bağlı daha bir irad Kevin Medinanın penaltiyə səbəb oldupu epizoddur. Burada mübahisə yersizdir.

Kolumbiyalı müdafiəçimiz çiyinlə yanaşı, arxadan rəqibin ayağına da zərbə endirdi və penalti də məhz buna görə verildi. O ki qaldı Elvin

Cəfərquliyevin meydandan qovulmasına, epizod ikinci sarı da yox, birbaşa qırmızı vərəqə idi. Passivində sarı vərəqə olan müdafiəçi topa belə girməməli idi.

Cəfərquliyev son vaxtlar həm millidə, həm “Qarabağ”da ən yaxşı oyunçulardan biridir. Əzmkarlığı, fəallığı təqdirəlayiqdir. Amma bu matçda komandaya zərbə vurdu.

Oyun anbaan əldən gedirdi, Qurban Qurbanov isə əvəzləmələrə yalnız 75-ci dəqiqədə başladı.

Təəssüf ki, ehtiyada belə səviyyədə oyunların axarını dəyişməyə qadir futbolçumuz yoxdur: istər legioner, istər yerli.

“Qarabağ” yayda Avropa yoluna bu heyətlə çıxmağa qərar verdi, indi də əziyyətini çəkir. Növbəti rəqib isə “Bude Qlimt”dir.

Püşkdən sonra əksəriyyət norveçlilərdən 3 xal götürəcəyimizi düşünürdü.

İndi isə Avroliqanın turnir cədvəlində 36 komanda arasında sonuncu olan “Qarabağ”a baxırsan, bir də 3 oyuna 7 xal toplayan “Bude Qlimt”ə və reallıqla barışmalı olursan.

Reallıq odur ki, “Qarabağ” ötən mövsüm gördüyümüz əzmkarlığı, xarakteri Norveçin soyuğunda göstərə bilməsə, 4-cü məğlubiyyət də adımıza yazılacaq.

Amma Avroliqada xal itirsək də, ümidimizi hələ itirməmişik. Qurban Qurbanovun komandasını yaxşıca silkələyəcəyinə, bəzi futbolçularını daha məsuliyyətli edəcəyinə inanırıq.

Bu azarkeşi böyük qələbələrə alışdıran “Qarabağ”ın məğlubiyyətlərə öyrəşən komandaya çevrilməsini istəmirik!

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti