COP29

Görün, nə var, nə yox - “Qarabağ” bu axşam “Ayaks”a məğlub olmayacaq

19:00 Qarabağ 449
Görün, nə var, nə yox - “Qarabağ” bu axşam “Ayaks”a məğlub olmayacaq

Diqqətlər yenə Avropa arenalarındakı qürur mənbəyimiz “Qarabağ”dadır.

Azərbaycan futbolunu və Qarabağ adını illərdir dünyada uca tutmağa çalışan “köhlən atlar” növbəti sınaq qarşısındadır.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu axşam ölkəmizə gəlmiş ən titullu klub olan “Ayaks”la üz-üzə gələcək.

Sözsüz, Niderland təmsilçisi bütün komponentlərdə bizimkiləri üstələyir. Yəni matçın favoriti hara fırladırsan-fırlat “Ayaks”dır.

Ancaq bizim də xeyrimizə işləyən məqamlar kifayət qədərdir ki, “Qarabağ” bu üstünlüklərdən istifadə etməklə istəyinə çata bilər.

Doğma meydan və azarkeş amili hər nə qədər formal görünsə də, Bakıya gələn ən ünlü komandaların belə, buradakı ab-havaya həsəd apardığının şahidi olmuşuq. 30 minlik stadionu dolduracaq azarkeşlərin 90 dəqiqə dəstək verməsi “Qarabağ”lı futbolçuları ilhamlandıracaq.

Ağdamlıların ardıcıl 4 oyunda məğlub olması futbolçularda məsuliyyət hissini pik həddə çatdırıb. Uğursuz seriyaya “dur” demək arzusunda olan top ustaları meydana ölüm-qalım savaşı üçün çıxacaq. Əvəzində, “Ayaks”ın üzvlərində rahatlıq müşahidə oluna bilər. Ki, “Dinamo”yla “Malmö”nün məğlub etdiyi rəqibi biz rahatlıqla üstələyəcəyik.

Marko Yankoviçin ilk dəqiqələrdə meydanda olmaq ehtimalı “Qarabağ”ın oyun intizamına yaxşı mənada təsir edəcək. Avrokuboklardakı son 4 oyunu kənardan izləyən “8 nömrə” komandanın mühərrikidir. O, meydanda olanda “Qarabağ”ın oyunu parlaq alınır, hücum potensialı artır.

Və ən vacibi, “köhlən atlar” bu günə qədər Bakıda adlı-sanlı rəqiblərindən xal(lar) almağı bacarıb. “Tvente”, “Sent-Etyen”, “İnter”, “Monako”, “Atletiko Madrid”, “Frayburq”, “Bayer Leverkuzen” kimi tanınmış komandalarla Bakıda heç-heçə oynayan “Qarabağ”, “Brügge”, “Anderlext”, “Gent”, “Nant” kimi rəqiblərini məğlub etməyi bacarıb.

Odur ki, bu axşam məğlub olmamağın özü də pley-offa yüksəlmək yolunda irəliyə doğru addım olacaq. Yetər ki, ilk xal qazanılsın, davamı mütləq gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti