COP29

“Qarabağ” üçün çətin olacaq – Siz bir bu “Ayaks”a baxın!

16:40 Qarabağ 340
“Qarabağ” üçün çətin olacaq – Siz bir bu “Ayaks”a baxın!

Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyuna hazırlaşır.

Bu dəfəki rəqib kifayət qədər güclüdür.

36 dəfə Niderland Eredeviziyasının, 20 dəfə Niderland kubokunun, 4 dəfə Çempionlar Liqasının, hərəsi 2 dəfə olmaqla Avropa Superkuboku ilə İnterkontinental Kubokunun, hərəsi 1 dəfə olmaqla Avropa Liqası ilə Kukuboklar Kubokunun qalibi olmuş “Ayaks”.

“Ağ-qırmızılar” müəyyən dövrlərdə tarixinin ən yaxşı dönəmlərini yaşamasa da, bu gün kifayət qədər güclüdür. Düzdür, son 2 mövsümdə çempionluğu əldən verib. Lakin yenə də öz oyun üslubunu qoruyub-saxlamaqdadır.

Niderland nəhəngi cari avrokubook mübarizəsinə Avropa Liqasının II təsnifat mərhələsindən başlayaraq, növbə ilə “Voyvodina”, “Panatinaikos” və “Yagelloniya”nı məğlub edib və qrup mərhələsinə yüksəlib.

Təsnifat mərhələsində keçirdiyi 6 oyunun 5-də qalib gələrək, doğma meydanda “Panatinaikos”a böyun əyib. 6 görüşdə rəqib qapılarından 12 top keçirməyə nail olub.

Əsas mərhələdə isə Amsterdamda “Beşiktaş”ı biabır edib (4:0), Praqada “Slaviya” ilə bərabərə qalıb – 1:1.

“Qarabağ”ın rəqibinin məhz cari mövsümdəki oyunlarına baxanda, adamı dəhşət bürüyür. Kollektiv fiziki cəhətdən olduqca sürətlidir. Cinahda yer alanlar 90 dəqiqə boyunca dayanmaq bilmir, komanda şəklində pressinq edirlər.

Komandada müxtəlif milli komandaların gənclər millilərinə 13 nəfərin dəvət olunması “Ayaks”ın fiziki baxımdan niyə bu qədər güclü olmasının göstəricisidir.

Bu rəqibə qarşı oynayırsansa, meydanın özünə aid hissəsində qısa ötürmələrdən, yaxud driblinqdən istifadə etmək faciə ilə sonuclana bilər. 3-4 futbolçu ilə pressinq edir, topu almağı bacarırlar.

Davamı məlumdur – qapı qarşısında təhlükə.

Futbolçular arasında anlaşma idealdır. Xüsusən cərimə meydançası həndəvərində rahat hərəkət etməklə qapının qarşısına rahat yaxınlaşırlar. Bir-birini az qala gözüyumulu başa düşən top ustaları daim mövqe yerdəyişmələri edirlər.

Cari mövsümdə komandanın parlayan ulduzlarının başında 19 yaşlı belçikalı Mika Qodts dayanır. Yarımmüdafiənin sol cinahında yer alan “11 nömrə” əlinə düşən hər fürsətdən maksimum yararlanır.

Orta sahədə ağalığı İngiltərə yığmasından tanıdığımız Cordan Hendersonla Kennet Teylor edir. Bertrand Traore isə “gizli silah”dır, onu gözdən qaçırmaq olmaz.

Bir sözlə, “Ayaks” əsas mərhələdə “Tottenhem”dən sonra “Qarabağ”ın bəxtinə düşən ən güclü rəqibdir. Bunu komandanın sərgilədiyi oyun, tətbiq etdiyi sürət, yaratdığı qol imkanları və məhsuldarlığı deyir.

Təmsilçimiz üçün hər nə qədər çətin olsa da, heç olmasa 1 xala ümid etmək mümkündür.

Oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” qarşılaşması saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti