“Matça çox yaxşı başladıq, ilk dəqiqələrdə “Qarabağ”ın qapısı önündə təhlükəli vəziyyətlər yarada bilirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında İsveçin “Malmö” komandasının futbolçusu Kolin Rösler Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri II tur oyun haqda deyib.
O, Ağdam təmsilçisinin hücumlarının effektli alınmadığını bildirib:
“Meydanda öz oyunumuzu göstərə bildik. Fikrimcə, birinci hissədə daha iki qol vurmaq şansımız var idi.
Qol istəyimizi fasilədən sonra reallaşdırdıq. Komandamız ikinci yarıda daha peşəkar mübarizə apardı.
Xüsusilə müdafiədə etibarlı oynadıq və layiqli qələbə qazandıq”.
24 yaşlı müdafiəçi “Qarabağ”la matç üçün xüsusi hazırlıq keçmədiklərini söyləyib:
“Hər zamankı oyunumuzu nümayiş etdirdik. Meydanda cəsarətlə mübarizə apardıq.
Bəzi anlarda rəqibi topsuz qoymağı bacardıq. Bunu etmək çətin olsa da, öhdəsindən yaxşı gəldik”.
“Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.