COP29

"Qarabağ"ın kölgədə qalan PROBLEMİ

10 Oktyabr 23:00 Qarabağ 1 567
"Qarabağ"ın kölgədə qalan PROBLEMİ

"Qarabağ"ın Avropa səhnəsində qələbə həsrəti artıq 4 matça çatdı.

Son çempionla bağlı ilə belə mənzərə uzun müddətdir qarşımıza çıxmırdı.

İndi hər kəsi düşündürən sual birdir - "Qarabağ"ın problemi nədir?

Əksəriyyət hər fürsətdə hücum xəttini qabardır. Axı komanda son 4 qarşılaşmada cəmi 1 dəfə fərqlənə bilib. Statistika iddianın əsassız olmadığını deyir.

Amma meydanda başverənlər yox. Hücum xəttində o zaman problem olur ki, imkanları yaxalaya bilmirsən. Bu gün isə "Qarabağ"ın belə bir dərdi yoxdur. Hətta "Tottenhem"lə səfər görüşündə belə "atlılar"ın fərqlənmək üçün ən azı 5 real qol imkanı olub.

Bəs niyə qol olmayıb? Bu sualın tək cavabı var - şanssızlıq. Avrokuboklarda vurduğu bütün penalları dəqiq yerinə yetirən Toralın Londonda büdrəməsi təsadüf deyilmi? Və ya Elvin Cəfərquliyevlə Yassin Benziyanın zərbəsinə "Tottenhem"in qolkiperinin reaksiyasını unutmsuz?

Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi 6 görüşdə 6 qol vuran Juninyonun son matçda ən azı 4 real qol imkanını qaçırması sadəcə bəxtsizlikdir. Ustalığına bələdik axı...

Bu şeylər isə məşqlərlə, tapşırıqlara düzəlmir. Zamanla həllini tapır. "Qarabağ"lı oyunçular yaratdıqları qol fürsətlərinə davam etsələr qollar da mütləq gələcək.

Bir də hücumun kölgəsində gizlənən müdafiə xəttinə göz gəzdirək. Hə, bax burda Qurban Qurbanovu ağlamaq tutmaya bilməz. Çünki bugünkü "Qarabağ"ın ən yaralı yeri müdafiə zonasıdır. Amma başı Benziya, Juninyo və Torala qarışan ictimaiyyət bu barədə çox da danışmağa meyilli deyil.

Marko Veşoviçin sıradan çıxması sağ cinahın faydalı iş əmsalını bir xeyli aşağı salıb. Nə Abbas, nə də Mateus Silva monteneqrolunu unutdura bilmir. Faktiki komanda yalnız sol cinahın ümidinə qalıb.

Kevin Medinanın performansında eniş davam edir. Kolumbiyalı iki mövsümdür özünə bənzəmir. Məsələn, "Malmö"nün vurduğu birinci qolda onun nə etmək istədiyini anlayan çətin tapılar. İkinci qolda da Bəhlul tamaşaçı mövqeyində idi.

Ümumiyyətlə, bu mövsüm "Qarabağ"ın buraxdığı qollarda əksər vaxt arxa xətt oyunçuları kobud xətaları ilə yadda qalır. Bunda Marko Yankoviçin yoxluğu da təsirsiz ötüşmür. Axı "8 nömrə" təkcə hücumlarda effektiv deyil, həm də "qara işi" yaxşı bacarır. Çox nadir hallarda top itkisinə yol verir. Yoldaşlarının belə səhvini düzəltməyi isə əla bacarır.

"Qarabağ" üçün ən pis o oldu ki, markoların yoxluğu mövsümün ən ağır perioduna təsadüf etdi. Avropa Liqasının əsas mərhələsində vəziyyət elə də yaxşı deyil.

Yankoviç qayıdıb, Veşoviç də qayıtsa arxa xətlə bağlı problemlər böyük ölçüdə düzələcək. Təbii ki, Medinanın da özünə gəlməsi şərtdir. Bundan sonra arzuladığımız "Qarabağ"ı görə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti