COP29

“Qarabağ”ın bəxti gətirmir, Qurban Qurbanov səhvləri deyəcək”

7 Oktyabr 02:00 Qarabağ 863
“Qarabağ”ın bəxti gətirmir,  Qurban Qurbanov səhvləri deyəcək”

“Oyundan öncə hər kəs “Qarabağ”ın doğma meydanda qalib gələcəyinə inanırdı.

Amma futbolda verilən hər proqnoz meydanda özünü doğrultmur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında veteran futbolçu Yunis Hüseynov “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində Bakıda İsveç “Malmö”sünə 1:2 hesabı ilə uduzduğu II tur oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis Ağdam təmsilçisinin, məğlubiyyətə baxmayaraq, yaxşı təsir bağışladığını bildirib:

“Qarabağ” həmişə öz oyununu oynayan, topu yaxşı saxlayan komanda olub. Matçdan-matça, rəqibdən-rəqibə hər zaman fərqlər olur. Hesabda öndə olduğumuz halda qalib gələ bilmədik. Nəticədə rəqib öz istəyinə çatdı. Amma uduzsaq belə, “Qarabağ”ın pis oyun nümayiş etdirdiyini demək düzgün olmaz. Düşünürəm ki, bəxt amili komandaya istədiyi oyunu göstərməyə imkan vermədi. “Tottenhem”lə İngiltərədəki ilk matçda da eyni mənzərə ilə qarşılaşmışdıq. Futbolçularımız real qol epizodlarından istifadə edə bilməmişdilər. Yalnız “Qarabağ”sevərlər deyil, əcnəbi futbol şərhçiləri də Qurban Qurbanovun komandasının hər iki görüşdə bəxt amili üzündən məğlub olduğunu iddia edirlər. Fikrimcə, ağdamlılar bu qarşılaşmalarda nəinki 1, hətta 3 xal da qazana bilərdilər. Təəssüf ki, hər idman növünün öz qayda-qanunu var. Futbolda isə belədir ki, vurmayana vurarlar. “Qarabağ”dan fərqli olaraq, “Tottenhem” və “Malmö” öz imkanlarından maksimum yararlandı”.

Azərbaycan millisinin sabiq hücumçusu “köhlən atlar”ın III turda Bakıda Niderlandın “Ayaks” kollektivi ilə keçirəcəyi görüşə də toxunub:

“Hamıya bəllidir ki, “Qarabağ” istər avrokuboklarda, istər daxili çempionatlarda həmişə baxımlı və maraqlı oyun göstərib. Amma yaxşı oyunun nəticəsində qalib gəlmək də lazımdır. Ümid edirəm ki, komanda tezliklə toparlanaraq “Ayaks”la matçda azarkeşləri sevindirəcək. Buna inamımız tamdır. Çünki “Qarabağ”ın yeni formatda təşkil olunan Liqa mərhələsində keçirdiyi matçlarda hansısa çatışmazlıq görünmür. Buna baxmayaraq, baş məşqçi Qurban Qurbanov yəqin ki, komanda ilə görüşərək edilən səhvləri futbolçulara izah edəcək”.

“Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti