"Qarabağ" 10 ildən artıqdır Avropda ölkəmizi ləyaqətlə təmsil edir.
Bu klub haqqında hər nə qədər xoş söz desən azdı.
Axı "Qarabağ"ın təmsil olunduğu ölkənin millisi və digər klubları arxada qalan müddətdə ciddi nə iləsə yadda qalmayıb.
Yalnız "Neftçi" və "Qəbələ"nin keçici uğurları xaric.
Belədə "köhlən atlar"ın qruplara qalması da qəhrəmanlıq kimi qarşılana bilər.
Amma iştah da diş altındadır. Qurban Qurbanovun komandası hər dəfə irəliyə 1 addım atdıqca biz daha artığını istəyirik/gözləyirik.
Olsun...
Amma gərək iştah da həqiqətə söykənsin, reallıq hissini itirməsin.
Yenə era söhbəti ortaya atılıb.
Hər dəfə "Qarabağ" məğlub olanda olduğu kimi.
Guya komandanın barıtı tükənib, avrokuboklardakı uzun müddətli xoş səyahətin sonuna çatmışıq. Buna ətrafa qorxu saçan iddia da deyə bilərik.
Tanış söhbətlərdir. İllərdi eşidə-eşidə gəlirik.
Düzdü, nə vaxtsa bu baş verəcək. Dünya durduqca "Qarabağ" da Avropa səhnəsində bizləri sevindirəsi, minimum imkanlarla maksimum işlər görəsi deyil.
Amma bunu hər məğlubiyyətdə dilə gətirmək, kütləyə "yedirmək" sanki arzudur.
Sanki kimlərsə pusquda durub bunu arzulayır.
Axı 3-5 nəfər deyil ki, həvəskar deyib keçəsən. Arasında illərin futbol adamını da görmək mümkündür.
"Qarabağ" avrokuboklarda 4 görüşdü qalib gələ bilmir.
Bəli, xoş mənzərə deyil. Uğursuz gedişat üzücüdür.
Demək ki, haradasa boşluqlar verilir. Bəlkə də nəsə düz getmir.
Amma faciə yoxdur. Fəlakət baş verməyib. Fiaskodan söhbət gedə bilməz. Heç bu dəfə də eranın sonunun gəldiyinə bənzəmir.
Çünki rəqiblər nə Malta, nə də Cəbəllütariq təmsilçiləri deyil.
Biri Xorvatiya çempionudur, digəri də İsveç. "Tottenhem"i də hamınız tanıyırsınız.
Heç bir məğlubiyyət xoş deyil, üzür. Lakin reallıqları unutmaq olmaz.
Tarixinə, ənənəsinə görə Avropanın sayılıb-seçilən futbol ölkələrinin təmsilçilərinə məğlubiyyət fiasko sayıla bilməz.
Bu matçlar böyümək üçün yaxşı dərslikdir.
Təkcə "Qarabağ" üçün yox, həm də bütünlükdə Azərbaycan futbol ictimaiyyəti üçün.
XANOĞLAN İMANOV