COP29

Bu “Qarabağ” o “Qarabağ” deyil...

21:20 Qarabağ 561
Bu “Qarabağ” o “Qarabağ” deyil...

Keçənilki «Qarabağ» bu «Qarabağ»a şans tanımaz.

Beşdən az qol vurmaz.

Motivasiya yoxdur deyirsiz? O motivasiyanı komandada nə biz yarada bilərik, nə siz.

Qurban Qurbanov və yardımçıları etməlidir bunu. Korpus «Malmö»nü incələməyinə incələyib, amma hesabatı düzgün hazırlamayıb.

«Qarabağ» başqası kimi yox, elə «Qarabağ» kimi oynasaydı, dominant tərzindən imtina eləməsəydi, İsveç klubları önündə əldə olunan qələbə seriyasının davamı gələcəkdi.

Bir xof yaranıb «Qarabağ»da. Motivsiyanın itməsindən gileylənirik, bunu isə yaddan çıxarırıq - özgüvən hanı bəs?

Çempionlar Liqasının pley-off mərhələsində «Dinamo»ya, Avroliqanın açılış turunda «Tottenhem»ə Londonda məğlubiyyətlər futbolçuları içdən alıb.

Onlar artıq nəinki qalib gələcəklərinə, adicə 1 qol vuracaqlarına o qədər inanmırlar ki… Beyin uğura hazır olmayanda nə əl işləyir, nə də ayaq.

Son 1-1,5 aydakı «Qarabağ»ı izləyincə, görürük ki, eniş yalnız bir, yaxud bir neçə futbolçunu öz ağuşuna almayıb. Geriləmə ümumən komandanı əhatə edir.

Nəsə, «Dinamo» ilə Zaqrebdəki matçdan başlayan qara zolaq davam etməkdədir.

Nostradamus deyiləm, lakin bədbin proqnoz verməkdən özümü saxlaya bilmirəm - «Qarabağ» qarşıdakı turlarda bu zolaqdan çıxmayacaq.

Ta o zamana qədər ki, Qurbanov və komandası özü-özünü bərpa eləmək barədə fikirləşəcək.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 22:20 Problem tək Emindirmi?