COP29

Arzuladığımız "Qarabağ" bu idi?

5 Oktyabr 22:20 Qarabağ 1 525
Arzuladığımız "Qarabağ" bu idi?

"Qarabağ" 10 ildən artıqdır Avropada ölkəmizi layiqli şəkildə təmsil edir.

13 dəfə qrup mərhələsinə vəsiqə qazanan "atlılar"ın burada da çox sayda uğurlu oyunlarına şahidlik etmişik.

Komanda sözün həqiqi mənasında illərdi adından söz etdirir. Bütün Avropanın gözü önündə.

Bu, işin sevindirici tərəfidir.

Və bir də hər avrokubok mövsümünün sonu bizi üzən olay yaşanırdı.

Yaxşı mənada seçilən futbolçuları Avropanın imkanlı klubları "Qarabağ"dan pul gücünə qoparırdı.

Reynaldo, Dino Ndlovu, Pedro Henrike, İbrahima Vadji, Kadi Borges kimi nümunələri hələ unutmamışıq.

Hər dəfə daş atıb başımızı tuturduq ki, "köhlən atlar"da yuxarıdakı adların ayrılığı yaşanmasaydı, eyni heyətlə növbəti avrokuboklarda daha uğurlu nəticələr qazanmaq mümkün olardı.

Arxada qoyduğumuz yay "Qarabağ" Avropada uğurlu olduğu illər ərzində ilk dəfə heyətini demək olar ki, tam qoruya bildi.

Xüsusilə Marko Yankoviç, Yassin Benziya və Olavio Juninyo yol üstə kimi görünürdü.

Hətta Abdullah Zubirin qalması son ana kimi sual altında idi.

Lakin klub rəhbərliyi bu dəfə fərqli qərar verdi.

Bütün resursları işə salaraq heyətin qorunması üçün səfərbər oldu. Sonda da niyyət həyata keçdi.

Hamımız ümid edirdik ki, ötənilki heyət bu mövsüm daha uğurlu olacaq. Axı arzuladığımız "Qarabağ" bu idi.

Amma gözləntilər hələ ki, özünü doğrultmur.

Komanda öncə Çempionlar Liqasının əsas mərhələsində iştirak etmək arzusunu gerçəkləşdirə bilmədi.

Ardınca isə Avropa Liqasında işlər yolunda getməməyə başladı.

Öncə "Tottenhem", ardınca "Malmö" məğlubiyyəti yaşandı.

Təkcə nəticələr yox, meydandakı mübarizə də xoş siqnal vermir.

Düzdü, rəqiblərin "Qarabağ"ı aşkar üstələdiyini demək olmaz. Komanda meydanda futbol oynayaraq məğlub olur.

Amma çox sayda qol fürsətlərini qaçırmaq, əvəzində bəsit qollar buraxmaq da yaxşı əlamət deyil.

Sanki futbolçular uğurdan doyub. Buna arxayınlıq da demək olar.

Əvvəlki illərdə olan "ac" "Qarabağ"ı görmürük.

Kim bilir, bəlkə də heyətin tam olaraq qorunması xeyirdən çox zərər verib.

Yeni qan, yeni tapıntı mütləq lazım imiş.

Hər halda, nəticələr belə düşünməyə əsas verir.

Fakt odur ki, indiki "Qarabağ" ötənilkindən əzəmətli deyil.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti