COP29

“Dur!” deməyin vaxtı deyilmi? - “Qarabağ” üçün 3 SƏBƏB

19:40 Qarabağ 552
“Dur!” deməyin vaxtı deyilmi? - “Qarabağ” üçün 3 SƏBƏB

“Qarabağ” növbəti sınaqla qarşı-qarşıyadır.

İllərdir beynəlxalq arenalardakı uğurlu çıxışı ilə azərbaycanlıların üzünü güldürən “köhlən atlar” bu dəfə “Malmö”nu qəbul edəcək.

İsveç çempionu ad baxımından “Tottenhem”ə tay olmasa da, Avropada heç də kiçiklərdən sayılmır. Heyətində kifayət qədər samballı futbolçuların yer aldığı kollektivin beynəlxalq oyun təcrübəsi də zəngindir.

Ancaq nə olur-olsun “Qarabağ” bu axşam meydanı qələbə ilə tərk etməlidir.

Əvvəla ona görə ki, məğlubiyyətlərə “dur” deməyin vaxtı çatıb. Ağdamlılar son avrokubok matçının hamısında məğlub olub. Üstəlik, qapısından 8 cavabsız top buraxıb. Ümumi götürsək, son 5 qarşılaşmada cəmi 1 qələbəsi var.

İkinci və ən önəmli məqam, Liqa mərhələsinin II turunda 3 xal olduqca vacibdir.

“Tottenhem”ə səfər yenilgisindən sonra (0:3) Bakıda “Malmö”yə məğlubiyyət qarşıdakı 6 oyuna köklənmək və pley-off arzularının üstündən böyük ölçüdə xətt çəkəcək. Odur ki, qələbə qazanmaq mütləqdir.

“Qarabağ”ın adı gələndə İsveç klublarının “ayaqları əsir”. Oyunöncəsi mətbuat konfransında “Malmö”nün baş məşqçisi Henrik Ridström hər nə qədər təmsilçimizin isveçlilər üzərindəki hegemonluğunun bu oyunda vacib amil olmayacağını desə də, fakt faktlığında qalır.

“Qarabağ” indiyə qədər qarşılaşdığı “Gefle”, “Göteborq” və “Hekken”lə matçlarda 5 qələbə qazanıb və yalnız 1 dəfə məğlub olub. Top fərqi də gözəgəlimlidir – 9:2.

Doğma meydan və azarkeş amilini də sadalananların üstünə gəlsək, “Qarabağ”ın nəinki uduzmaq, heç-heçə etmək şansı belə yoxdur. Odur ki, qələbə və yalnız qələbə.

Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti