COP29

İndi hamı bu suala cavab axtarır: “Qarabağ”a nə olub?

17:00 Qarabağ 279
İndi hamı bu suala cavab axtarır: “Qarabağ”a nə olub?

“Qarabağ” avrokuboklarda keçirdiyi son 5 oyunun 4-də məğlub olub.

“Qarabağ” 3 oyundur rəqib qapılarına yol tapa bilmir.

“Qarabağ” son 5 matçda qapısından 12 top buraxıb.

Ölkəmizin Avropadakı layiqli təmsilçisinin sonuncu dəfə nə vaxt bu aqibətlə üzləşdiyini xatırlamaq çətindir. Bəlkə də 2017-ci ildə - Çempionlar Liqasının qrup mərhələsində.

Bu ilin əvvəlində güclü “Braqa” səddini keçən, 2 oyunda “Bayer Leverkuzen”in qapısına 4 qol vuran komandanın hazırkı durumu hər bir azərbaycanıda sual yaradır – “Qarabağ”a nə olub?

Heyət demək olar keçən ilkidir. Andrey Lunyovu saymasaq, ciddi itki yaşanmayıb. Belədirsə, nə baş verir? Bir neçə ayın içində nə dəyişdi?

“Qarabağ” saat mexanizmi kimidir. Batareyası sağlamdırsa, əqrəblərdə problem yoxdursa, işləyəcək. Son 2 ildə görməyə alışdığımız “11-lik” var ki, uğurlardakı əsas pay sahibi həmin futbolçulardır. 1-2 nəfər olmayanda, mexanizm işləmir.

Son oyunlarda Markolar – Veşoviçlə Yankoviçin yoxluğu özünü açıq-aşkar göstərir. Nə Patrik Andrade Yankoviçin boşluğunu doldura bilir, nə də Mateus Silva Veşoviçi unutdurmağı bacarır.

Bu azmış kimi, “Tottenhem”lə oyunda Kevin Medina cəza səbəbindən kənarda qalmışdı. Bədavi Hüseynov yol verdiyi səhvlərlə parlaq günlərinin keçmişdə qaldığını bir daha sübut etdi.

Bu qədər itkinin fonunda start heyətində meydana çıxan futbolçuların yaş ortalaması təhlükə saçır. Bədavi 34-cü ilini yaşayır, Zubir 33 yaşını tamamlamağa hazırlaşır, Patrik Andrade 4 aydan sonra 33-cü baharına qədəm qoyacaq, Yassin Benzia bir neçə gün əvvəl 30-la vidalaşdı. Kevin Medinanın 31, Marko Veşoviçin 33 yaşı var.

Müasir futbolda topsuz qaçışla pressinqin xüsusi yer tutduğunu nəzərə alsaq, yaşı 30-u keçənlərin bu baxımdan geri qalması anlaşılandır.

O da var ki, “Qarabağ” yay fasiləsində heyətini gücləndirmək yönündə bir az gecikdi. Emmanuel Addai ilə Aleksey Kaşuk kollektivə iyulda qoşulsaydı, bu gün kollektivə daha çox fayda verərdi. “Çərçivədə”ki problem isə deyəsən bir ömür “Qarabağ”la “yaşayacaq”.

İtkilərin fonunda arzulanan “11-liy”in olmaması, yaş faktoru və yeni transferlərin “köhlən atlar”a lazımi qədər kömək etməməsi “Qarabağ”ın cari avrokubok mövsümündəki nəticələrində sözünü deyir.

İnanaq və ümid edək ki, “Malmö” ilə oktyabrın 3-də Bakıda baş tutacaq görüşdə uğursuzluq sindromuna son qoyulacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti