“Qarabağ” Avropa Liqasında yeni mövsümə məğlubiyyətlə başladı.
Təmsilçimiz İngiltərədə “Tottenhem”ə 0:3 hesabla məğlub oldu. Hesab ürəkaçan olmasa da, Qurban Qurbanovun yetirmələri yaxşı oyunla yadda qalmağı bacardı.
Əbəs deyil ki, çox sayda qol imkanı saga-sola xərcləndi. Artıq avrokuboklarda üçüncü matçdır eyni hal yaşanır.
Daha əvvəl Zaqreb “Dinamo”su ilə matçlarda da “Qarabağ” çox sayda real qol imkanlarını əldən qaçırmışdır.
Maraqlıdır, son 3 görüşdə “Köhlən atlar”ın fürsətləri dəyərləndirə bilməməsi nə ilə bağlıdır?
Ağdam təmsilmçisinin sabiq üzvü, veteran müdafiəçi Ramiz Məmmədov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları dedi:
"Qarabağ"ın 0:3 hesabla uduzmasına baxmayaraq, İngiltərədə göstərdiyi oyunu yüksək qiymətləndirirəm.
Toralın penalı vura bilməməsi komandanı sıxıntıya saldı. Lakin ümumilikdə "Tottenhem" kimi komanda önündə "Qarabağ" çox yaxşı oynadı.
Düzdür, Zaqreb "Dinamo"su ilə görüşləri də nəzərə alsaq, ardıcıl 3 oyundu komandamız fərqlənə bilmir. Mən bunu şanssızlığa bağlayardım.
Başqa ciddi problem görmürəm. Bir də kollektivin yorğun olmasını deyərdim.
Çünki ağır qrafikdə çıxış edirlər. Çempionatda da ardıcıl oyunları var.
Marko Yankoviç və Veşoviçin zədə səbəbindən kənarda qalmaları müəyyən məqamlarda özünü göstərir. Çünki belədə ehtiyat skamiya azalır.
Düzdür, Patrik Andrade oynayır. Ancaq Yankoviçi tam əvəzlədiyini demək olmaz.
Həm də rotasiyalar imkanını azaldır. Zədəlilər sağlam olanda hər kəsin dincəlmək fürsəti olur.
Aleksey Kaşuk da sıraya dönəndən sonra "Qarabağ" daha da yaxşı oyunlarını sərgiləyəcək. Təmsilçimizə Avropa Liqasında uğurlar arzu edirəm”.
XANOĞLAN