COP29

“Qarabağ”lı İngiltərədən döndü, “Sportinfo”ya etiraf etdi: “Bu, bizə mane oldu”

28 Sentyabr 20:20 Qarabağ 471
“Qarabağ”lı İngiltərədən döndü, “Sportinfo”ya etiraf etdi: “Bu, bizə mane oldu”

İngiltərədən vətənə qayıdan “Qarabağ”ın futbolçularının məyusluğu anlaşılan idi.

Yerli, legioner – hamısı böyük üzüntü yaşayırdı.

Buna baxmayaraq, Bəhlul Mustafazadə Sportinfo.az-ın Avropa Liqasının Liqa mərhələsinin “Tottenhem”lə oyunu (3:0) barədə suallarını cavablandırdı.

- Rəqib azlıqda qalandan sonra “Qarabağ”ın azı 1 xal qazanacağını düşünürdük. Hədəfə çatmağa nə mane oldu?

- Konkret səbəb göstərmək çətindir. Bəlkə də “qırmızı”dan sonra oyunun bizim üçün daha asan keçəcəyini düşündük. Bu, bizə mane olan səbəblərdən biri idi. Bəli, İngiltərədən xal və ya xallarla qayıda bilərdik.

- İstər müdafiə, istərsə də hücum xəttində yer alan futbolçularda çox ciddi həyəcan hiss olunurdu. Bu, buraxılan qollar, qaçırılan qol epizodları zaman aşkar görünür.

- Bəlkə də ilk dəqiqələrdə müəyyən həyəcan var idi. Lakin dəqiqələr irəlilədikcə mühitə öyrəşdik, oyunumuzu həyata keçirməyə çalışdıq. Sonrakı dəqiqələrdə həyəcanlı olduğumuzu deməzdim. Qol epizodlarının boşa verilməsinə gəlincə, Azərbaycan çempionatında da imkanları boşa veririk. Bir də ki, həyəcanlanmaq üçün əsas yox idi. Çünki stadionda elə bir ab-hava var idi ki, hamı oynamaq, zövq almaq istəyirdi.

- Bolqar, xorvat, yaxud ingilis azarkeşlərin qarşısında oynamağın fərqi var, yoxsa matç başlayandan sonra tribunalar yaddan çıxır?

- Açığı, “Ludoqorets”in stadionu çox da böyük deyildi. Ancaq Zaqreb “Dinamo”sunun azarkeşləri həqiqətən möhtəşəm dəstək verirlər. Onları çılğınlığına görə ingilislərə bənzətmək olar. Fikrimcə, hər bir futbolçunun arzusu dolu tribunaların qarşısında oynamaqdır. Püşkdən əvvəl komandamızda sorğu aparsaydınız, bəlkə də hamı İngiltərədə meydana çıxmaq istədiyini deyəcəkdi.

- Məğlubiyyətdən sonra Qurban Qurbanovun paltardəyişmə otağındakı reaksiyası necə oldu?

- Oyundan sonra çox danışmadı. Yəqin ki, analiz zamanı səhvlərimiz diqqətə çatdırılacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti