COP29

Qurban Qurbanov Toral Bayramova niyə güvənməsin? - VİDEO

28 Sentyabr 22:40 Qarabağ 438
Qurban Qurbanov Toral Bayramova niyə güvənməsin? - VİDEO

"Qarabağ"ın "Tottenhem"ə məğlubiyyətindən (0:3) sonra tənqidlərə ən çox tuş gələn Toral Bayramov oldu.

Səbəb futbolçunun 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməməsidir.

Hətta buna görə baş məşqçi Qurban Qurbanovu qınayanlar da yox deyildi. Niyə penalı Bayramovun vurmasına razı olub deyə.

Alternativ kimi daha çox adı çəkilən isə Yassin Benziyadır. Məhz o vursaymış qol olacaqmış.

İddialar belədir.

İlk öncə onu deyək ki, Toral son illər "Qarabağ"ın ştatlı penal vuranıdır. Havadan-sudan yox. Zərbələri dəqiq yerinə yetirməsinə görə.

23 yaşlı futbolçu daxili yarışlar bir kənara, Avropa meydanlarındakı ən kritik məqamlarda sinəsini qabağa verib və sınaqlardan üzüağ çıxmağı bacarıb.

Məsələn, ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin "Bayer"lə səfər oyununda hesabda 0:1 geri olduğumuz anda nöqtəyə o yaxınlaşıb. 30 min tərəfdarın önündə vurduğu dəqiq zərbə ilə hesaba bərabərlik gətirib.

Və ya Finlandiya səfərini xatırlayaq. "Helsinki" 1:0 öndə olduğu məqamda yenə Toral onbirmetrlik zərbəni dəqiq yerinə yetirməyi bacarıb.

O, "Olimpiya" ilə isə Bakıda 30 min yerli tərəfdarın önündə penalı vurmaq məsuliyyətinin altından uğurla çıxıb.

2 mövsüm əvvəl Konfrans Liqasının "Gent"lə səfər görüşündə oyunun taleyi penaltilər seriyasına kimi uzanıb. Lotereyada Bayramov yenə üzüağ çıxanlardan olub.

Gördüyünüz kimi, səfər meydanı, böyük auditoriya və kritik məqamlarda Toral öz soyuqqanlığını qorumağı bacarır. Hər hansı psixoloji problem yaşamır. Belə olan halda Qurbanov ona niyə güvənməsin?

Hə, gələk Benziya məsələsinə. Deyəsən, çoxları unudur ki, elə həmin Benziyaya görə "Qarabağ" bir dəfə avrokuboklarla erkən vidalaşıb.

Söhbət "Gent"lə matçdan gedir. Yuxarıda qeyd etdiyim qarşılaşma. Toralın fərqləndiyi...

Lakin həmin matçda Benziya zərbəni dəqiq yerinə yetirə bilmədiyi üçün belçikalılar turu keçən tərəf olmuşdu.

Gəlin, unutmayaq ki, penal lotereyadır. Burada Messi, Ronaldo kimi dünya ulduzları belə bəzən yanılan tərəf olur. Belədə Toraldan 100 faiz dəqiqlik gözləmək sadəlövhlük olardı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Sonda Toralın vurduğu, Benziyanın qaçırdığı penalların görüntülərini sizə təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti