COP29

Azərbaycanın ən yaxşı komandası üçün London dərsliyi

19:00 Qarabağ 137
Azərbaycanın ən yaxşı komandası üçün London dərsliyi

"Qarabağ"ı Londona heç də böyük ümidlərlə yola salmamışdıq.

Rəqibin təmsil olduğu ölkənin futbolu, ümumi büdcəsi, heyətinin dəyəri və.s buna imkan vermirdi.

Faktiki son çempionumuz səfərə mübarizə aparmağa, döyüşməyə yollanmışdı.

Əsas istəyimiz start həyəcanını boğmaq idi. Bəlkə davamı gələr deyə.

Lakin futbolçularımızı start həyəcanı yox, Londonun tıxacı sözün həqiqi mənasında taqətdən saldı.

Əbəs deyil ki, Qurban Qurbanov da oyundan sonrakı açıqlamasında bu məqamı xüsusi vurğuladı. Sadəcə daha çox qabartmadı ki, rəqibin qələbəsinə kölgə salmış olmasın.

Amma təcrübəli mütəxəssis deməsə də oyunçularının arenaya hansı əhvalla addımladıqları üz cizgilərindən aydın sezilirdi.

Baxışlarda itirilən fiziki güclə bərabər, dəyən psixoloji zərbə vardı.

Axı 62 min azarkeşin havasını tam udmadan meydana çıxmaq xoş hal deyildi.

Çox erkən - 8-ci dəqiqədə "Tottenhem"in azlıqda qalması belə futbolçularımızı həmin zərbənin gücündən ayıltmadı.

Toral Bayramovun penalı qaçırmasına, əla mövqedə olan Juninyoya ötürmə etməməsinə nə ad verəsən?

Elə həmin Juninyonun da qaçırdığı epizoda ad qoymaq asan deyil.

Koxalskidə isə təkcə tıxacın yox, həm də qarşılaşdığı rəqibin travması 90 dəqiqə hiss olundu.

Şanssızlıq da öz yerində. Dirəkdən qayıtdı, qapıçıya dəydi, amma qapıdan keçmədi. Keçəndə də oyundan kənar vəziyyət qeydə alındı.

Bir də aradakı səviyyə fərqi...

Bunu dilə gətirməmək insafsızlıq olar.

Bissumanın 1 addımda yetişdiyi topa yaxın düşmək üçün Romaonun bir neçə addım atması gərəkirdi. Bu, hələ ən iri addımlara sahib oyunçumuzdur. Radu Draquşinin yoxluğunu 83 dəqiqə hiss etdirməyən də məhz həmin addımlar arasındakı fərq idi.

Solankenin vurduğu qola qədər verdiyi sürətli qərardan ustalıq damırdı. Bir də "Qarabağ"lı müdafiəçilərin çarəsizliyi.

Qulyelmo Vikarionu vəsf etmək üçün danışmaq azdır. Etdiklərini təkrar izləmək lazımdır. Juninyonu mərkəzə yaxın zonada qarşılamaq üçün bir qapıçıdan təkcə fiziki güc yox, həm də zamanlama zəkası tələb olunur. İngiltərəli qolkiperdə həmin gecə hər şey yerində idi.

Elə 2 gün sonra "Tottenhem"in "Mançester Yunayted"lə, "Qarabağ"ın isə "Sabah"la üz-üzə gəlməsi də aradakı uçurumun aydın tablosudur.

Düzdü, "Qarabağ" futbolun vətənində cəsarətli oyuna rəğmən uduzdu. Amma matçdan qazandıqları da az olmadı.

Növbəti böyük auditoriya, usta futbolçular, böyük futbol mədəniyyəti daha da böyümək yolunda əla dərslik sayıla bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti