COP29

Premyer Liqanın min cavana dəyən QOCASI

26 Sentyabr 23:00 Qarabağ 745
Premyer Liqanın min cavana dəyən QOCASI

Min cavana dəyən qoca...

Bu məsəl hazırkı performansına görə "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun boyuna biçilib.

Təbii ki, söhbət beynəlxalq matçlardakı yox, Premyer Liqa qarşılaşmalarındakı performansdan gedir.

Bədavi "Qarabağ"ın uğurlu tarixinin bir parçasıdır.

O, 2012-ci ildən "atlılar"ın şərəfini qoruyur. Arxada qalan 12 ildə meydana çıxdığı 337 görüşdə 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Artıq klubun qocalarından hesab edilir.

Butsularını mıxda asmağa sayılı günlər qalır. Milli komandanın son iki görüşündə də göründü ki, yaş öz işini görür. Yaxşı rəqiblərlə oyunda fizika, sürət əvvəlki deyil.

Əbəs deyil ki, Qurban Qurbanov artıq ona ehtiyat oyunçu gözü ilə baxır.

Bu mövsüm avrokuboklardakı 6 matçda yalnız 19 dəqiqə forma geyinib. O da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"lə cavab matçına təsadüf edir. Hüseynov hesab 4:0 olanda Bəhlul Mustafazadəni əvəzləyib.

Əvəzində təcrübəli müdafiəçi Premyer Liqada davamlı şans alır.

"Şamaxı" ilə görüş təxirə salınıbsa, kapitan digər 6 turda əsas heyətdə meydana çıxıb. 5 qarşılaşmanı əvəzolunmadan keçirib

Yalnız "Neftçi" ilə son matçda (4:0) 85-ci dəqiqədə əvəzlənib.

6 qarşılaşmada minimum 540 dəqiqə meydanda olan 33 yaşlı futbolçu hansısa ciddi xətası ilə yadda qalmayıb.

Əksinə, təcrübəsi ilə komanda yoldaşlarını az sığortalamayıb.

Premyer Liqa matçlarını birnəfəsə arxada qoyduğunu deyə bilərik.

Beynəxalq görüşləri üçün tam yararlı sayılmayan qoca, Premyer Liqanın 1000 cavanına dəyər.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti