Hamidu Keytanın “Qarabağ”dan ayrılması rəsmi təsdiqini tapdı.
Fransalı vingerin karyerasını “Konyaspor”da davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.
Azərbaycanlı futbolsevərlərin qəlbinə “Zirə”dəki oyunu ilə yol tapan Keyta güclü kollektivdə özünü göstərə bilmədi.
Qurbanov ona lazımi qədər şans verdi. Premyer Liqada və Azərbaycan kubokunda daha çox forma geyinmək imkanı qazansa da, avrokuboklarda da “mən də varam” deyə bilərdi.
Lakin meydanda olduğu oyunlarda sıradan futbolçu təsiri bağışladı. Legioner adını doğrulda bilməyən əslən afrikalı vinger meydana çıxdığı Avropa matçlarında məsuliyyəti üzərinə götürmək baxımından çətinlik çəkdi, həlledici anlarda şansları dəyərləndirməməklə yadda qaldı.
Qurbanov onu meydanın hər yerində sınadı. Yarımmüdafiənin cinahlarında, həmçinin hücumun sivri ucunda. Lakin bütün hallarda Abdullah Zubir, Leandro Andrade və Olavio Juninyo ilə rəqabətə tam gətirmədiyini göstərdi. Keyfiyyət baxımından arzulanan səviyyədə deyildi. Və bunu sıravi azarkeşlər də görür, deyirdi.
Geridə qalan 1 ildə, yəni ötən mövsüm Premyer Liqada ümumilikdə 28 oyunda mübarizə aparmaqla 12 dəfə start heyətində görünən Hamidu 6 qol və 4 assistlə diqqət çəkdisə, ölkə kubokunda “köhlən atlar”a verdiyi fayda 6 matçda vurduğu 2 qol və 1 məshuldar ötürmə oldu. 7 qarşılaşmada cəmi 122 dəqiqə şans qazandığı avrokubok duellərində 2 assistlə alqış qazandı.
Cari “futbol ili”ndə Qurbanov ölkə çempionatında ona 3 dəfə start heyətində güvəndi, qarşılığı 1 qol oldu. Çempionlar Liqasında 4 oyunda 34 dəqiqə oynamaqla heç nə edə bilmədi.
“Zirə”də ilyarım ərzində 54 görüşdə 15 qol və 12 assistlə Qurban Qurbanovun diqqətini özünə çəkən Keytanın “Qarabağ”da 1 il 2 aydakı göstəricisi 54 oyunda 9 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Sadəcə, əvvəlki komandasında əsas heyətin əvəzolunmaz siması hesab olunurdu, burada əvəzedici statusu ilə barışmışdı. Emmanuel Addai və Aleksey Kaşuk kimi vingerlərin gəlişindən sonra “dərin yuxu”ya düşəcəyini özü də yaxşı bilirdi.
HƏBİB / SPORTİNFO.AZ