COP29

Qurban Qurbanovun “Qarabağ”a bəxş etməyə hazırlaşdığı istedad - FOTOLAR

8 Sentyabr 18:35 Qarabağ 9 862
Qurban Qurbanovun “Qarabağ”a bəxş etməyə hazırlaşdığı istedad - FOTOLAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun məqsədi təkcə titul və uğur qazanmaqdan ibarət deyil.

O, həm də akademiyada yetişən gəncləri diqqətdə saxlayır, yaxın gələcəkdə əsas komandada möhkəmlənmələrinə şərait yaradır.

Yaxın keçmişdə Elvin Cəfərquliyev, Toral Bayramov, Nəriman Axundzadə, Nihat Quliyev (hazırda “Səbail”də top qovur), Amin Ramazanov kimi futbolçular məhz əvəzedici komandadakı inamlı çıxışdan sonra əsas komandanın parçasına çevrilib.

Artıq növbə digərlərinə çatıb ki, onlardan biri də Amin Rzayevdir.

Aminin 15 yaşı tamam olmayıb, 2009-cu ilin oktyabrın 12-də Bakıda dünyaya gəlib. Buna baxmayaraq, xoş gələcək vəd edir. Ən vacib xüsusiyyəti intizam qaydalarına əməl etməsidir ki, bu barədə Qurbanova məlumat verilib.

Sol ayağı işlək olan sol cinah müdafiəçisi həmyaşıdlarından fiziki göstəricilərinə görə seçilir. Taktiki-texniki davranışları da yaşına görə yüksək səviyyədədir. Qurban bəy Rzayevi zaman-zaman əsas komandanın məşqlərinə cəlb edir, oradakı ab-havanı hiss etməsinə şərait yaradır.

Haqqında bəhs etdiyimiz səbəbkarın “Qarabağ”ın U-16 komandasında baş məşqçisi olan Asif Əlizadə Amin haqda fikirlərini bölüşüb:

“Aminlə işbirliyimiz bu ildən başlayıb. Bu komandaya yeni baş məşqçi təyin olunmuşam. Buna baxmayaraq, uzun illərdir akademiyadadır, hər zaman gözlərimizin qarşısında olub.

Həqiqətən seçilən futbolçulardandır. Solaxaydır, sürətlidir, fiziki göstəriciləri yaxşıdır. Öz üzərində çalışır, işinə ciddi yanaşır, idman intizamı yerindədir. Ən çox bəyəndiyim xüsusiyyəti verdiyimiz tapşırıqları dərhal qavraması və düzgün yerinə yetirməsidir.

Düzəlməli olan cəhəti zədə aldığı vaxtlarda çəkinməsi, ehtiyat etməsidir ki, mütəmadi söhbətlərdən sonra bu baxımdan irəliləyiş olduğunu hiss edirəm. Son vaxtlar zədəli idi. Artıq zədəsini sağaldıb və turnirdə bizə kömək etdi.

Həqiqətən böyük futbolçu ola bilər. İstedadı var, inkişaf etməsi üçün hər cür şərait yaradılır. Yaş artıqca məsuliyyətin böyük hissəsi öz üzərinə düşür. İlk növbədə rejimə (yatıb-durmaq, istirahət, qidalanma) diqqət ayırmalıdır. Hər şeydən əvvəl rejim və intizamdır. Futbolu həyat tərzinə çevirməlidir ki, hər addımına nəm versin. Aminə ümidimiz böyükdür”.

Əsas komandanın məşqlərinə qoşulandan sonra davranışlarında hansısa dəyişiklik hiss olunur? Oyun üslubu baxımından kimi xatırladır – Elvin Cəfərquliyevi, yoxsa Toral Bayramovu?:

“Xeyr-xeyr, zərrə qədər də arxayınlıq, yaxud lovğalıq hiss etməmişik. İşə yanaşma baxımından qətiyyən dəyişmir. Dediyim kimi, intizamı yerindədir. Bəli, bəzi futbolçularda əsas komandaya gedib-qayıdandan sonra dəyişiklik görmüşük. Amində belə şey qətiyyən yoxdur. Özümüz də bacardığımız qədər nəzarətdə saxlayırıq, fərdi söhbətlər edirik.

Elvinlə Toral fərqli oyunçulardır. Amin oyun planında daha çox Elvini xatırladır, üslubları oxşardır. Hücumlara qoşulması, müdafiəyə tez qayıtması, fiziki hazırlığı ümidimizi artırır”.

Aminin ən yaxın dostu dayısı Sabir Sultanovdur. Uşaq yaşlarından ona bağlı olub, asudə vaxtlarını dayısı ilə birlikdə keçirib.

Odur ki, gənc futbolçunu ana qohumu qədər yaxından tanıyan yoxdur:

“Futbol bizə doğma idman növüdür. Aminin hər ikisi babası, həmçinin mən özüm də futbolla həvəskar səviyyədə məşğul olmuşuq. Bu gün də dostlarla birlikdə oynayırıq.

Amin uşaq yaşlarından futbola maraq göstərib. 5 yaşında onu “İnter”in akademiyasına yazdırdıq. İlk məşqçisi Rövşən Qasımov olub. Bir neçə ildən sonra “Qarabağ”a keçdi.

Uşaqlıqdan kumiri solaxay olduğu üçün Paolo Maldini idi. Bu gün də Maldininin videolarına baxır, ondan nəsə öyrənməyə çalışır. Klublardan isə “Liverpul” azarkeşidir. Ən böyük arzusu “Qarabağ”ın əsas komandasında oynamaqdır. Bunun üçün əlavə məşqlərə gedir, hər səhər fərdi olaraq qaçır. Öz üzərində çox işləyir, intizama önəm verir.

Aminin əziyyətini ana babası və nənəsi çəkib. Anamla atamın onun üzərində böyük zəhməti var. Mən də bacardığım qədər yanımda olmasına çalışırdım. Getdiyim əksər yerlərə Amini özümlə aparırdım.

Böyük qardaşı Ravi Rzayev velosiped idman növü ilə məşğuldur. Bir neçə dəfə Azərbaycan çempionu adını qazanıb. Ravidən fərqli olaraq Amin təbiətcə sakit, çox danışmayan, yaxına çox adam buraxmayan, ətrafdakılara qaynayıb-qarışmayan biridir.

Uşaqlıqdan çox nadir hallarda məhəllədəki uşaqlarla futbol oynayardı. İndi ümumiyyətlə uzaq durmağa çalışır ki, birdən zədə alar.

Futbolla yanaşı, dərslərinə də diqqət yetirməyə çalışır. Desəm ki, əlaçıdır, yalan olar. Təhsilə önəm verir, məktəbə gedib-gəlir. Ancaq ən böyük arzusu böyük futbolçu olmaqdır. Asudə vaxtlarında müxtəlif oyunlardan epizodlara baxır, sol cinah müdafiəçilərinin toplu və topsuz vəziyyətlərdə nə etdiklərinə diqqət yetirir. Praktika ilə yanaşı, teoriyaya da xüsusi önəm verir”.

Əlbəttə, Azərbaycanda bu cür istedadların yetişdiyini görmək xoş haldır. Uşaq və yeniyetmə yaşlarında adından söz etdirən futbolçuları çox görmüşük. Lakin müəyyən yaşa çatandan sonra intizam və davranış məsələlərində yollarını azmaları sonradan gözdən itmələrinə səbəb olub.

Ümid edək ki, bu gün haqqında bəh-bəhlə danışdığımız Aminin adını bir neçə ildən sonra onların siyahısında görməyəcəyik.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 11:00 Razı qalacaqsız…