COP29

Kaşuk "Qarabağ"a nə vəd edir?

4 Sentyabr 19:00 Qarabağ 2 350
Kaşuk "Qarabağ"a nə vəd edir?

Nəhayət, Aleksey Kaşuk tapmacası başa çatdı.

Həftələrdi Azərbaycanda olan vinger karyerasını "Qarabağ"da davam etdirməyə qərar verdi.

İlk baxışdan çox uğurlu transfer olduğunu deyə bilərik.

"Sabah"da parlaq çıxışla yadda qalan yarımmüdafiəçinin Ukraynanın gənclər millisindəki çıxışı da diqqətçəkən olmuşdu.

Cinah yarımmüdafiəçisinə xas sürəti, reydləri və yaxşı qol duyumu var.

Amma bütün bunlar keçmişdə qalıb.

24 yaşlı legioner iki aya yaxındır klubsuzdur. Yenidən əvvəlki formasını bərpa edib-etməyəcəyi sual altındadır.

Bu problemi Qurban Qurbanovun qısa müddətdə həll etmək təcrübəsi yetəri qədər var. Deməli, narahatlığa ciddi əsas yoxdur.

Amma ikinci əsas sual doğuran məqam daha ciddidir.

Kaşuk karyerası ərzində "Qarabağ" kimi iddialı klubda çıxış etməyib.

Yetirməsi olduğu Donetsk "Şaxtyor"u xaric.

Amma icarədə olduğu "Mariupol" və "Sabah"dan fərqli olaraq Ukrayna nəhənginin vazkeçilməzi ola bilməyib.

"Qarabağ" Kaşukun karyerasında ikinci top-klub olacaq.

Ortada Aleksey İsayev nümunəsi var. Düzdü, fərqli mövqelərin oyunçusudur. Aralarında səviyyə fərqi olduğu da sirr deyil. Amma İsayev də "Sabah"ın onurğa sütunu hesab edilirdi. "Sumqayıt" və "Sabah"dakı performansı ilə Azərbaycan millisinə kimi yüksəlmişdi. "Qarabağ"a transferi açıqlananda məntiqli olaraq böyük köməyi dəyəcəyi iddia olunurdu. Eynən Kaşukda olduğu kimi...

Lakin arxada qalan 8 ayda hələ də özünə ilk "onbirlik"də yer edə bilməyib.

Deməli, ortabab və ya nisbətən iddialı klublarda yaxşı performans sərgiləyən birinin "Qarabağ"da da eynisini edə biləcəyi anlamına gəlməsin.

Ağdam klubunda şərtlər ağır, iddialar daha böyükdür. Bəzən böyük saydığımız futbolçular həmin ağırlığın altında kiçilir.

Qısası, Kaşukun "Sabah" və ya "Marupol"dakı əla çıxışına görə yox, "Şaxtyor"dakı aqibətinə görə qiymət vermək doğru olar.

İlk təcrübə uğursuz olub, ümid edək ikinci parlaq olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti