Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Linkoln” – “Qarabağ” matçından (0:2) sonra komandamızın baş məşqçisi Qurban Qurbanov fikirlərini açıqlayıb.
Təcrübəli mütəxəssis Cəbəllütariqdəki qarşılaşmanı dəyərləndirib:
“Futbolçularımı təbrik edirəm. Oynamaq üçün şərait o qədər də yaxşı deyildi. Matç süni örtükdə keçirilirdi. Uzun səfərə çıxdığımız üçün futbolçularda bir az yorğunluq hiss oluna bilərdi. Komandamızda yaxşı oyun intizamı gördüm. Belə meydançalarda diqqət yetirdiyimiz əsas məqamlardan biri səhv etməməkdir. Bele örtükdə topu istədiyimiz kimi ram etmək çətin olur. Futbolçularımız sonadək yaxşı konsentrasiya ilə oynadılar. Yaxşı başlanğıc oldu. Bakıdakı matça ciddi hazırlaşacağıq. Rəqibin itirəcəyi bir şeyi qalmadı. Ona görə riskə gedə bilərlər. Bakıda daha yaxşı oyun göstərməyə çalışacağıq”.
Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.