"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi oyunun hakim təyinatları məlumdur.
Qarşılaşmanı macarıstanlı FIFA referisi İştvan Vad idarə edəcək.
Vencel Tot və İştvan Albert köməkçi hakim funksiyasını yerinə yetirəcəklərsa, Bence Şonka isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.
UEFA-nın Hakimlər Komitəsi nədənsə “Qarabağ”ın bu dəfəki matçına kifayət qədər təcrübəli və tanınmış hakimi göndərib.
45 yaşlı Vadın atası vaxtilə “Ferentsvaroş”un futbolçusu olub, daha sonra hakimliyi seçərək Macarıstanın yüksək dəstə oyunlarına təyinat alıb. Bacısı Anita Vad da hakimlik sənətinə üstünlük verib və hazırda bu sahədə çalışır.
“Köhlən atlar”ın səfər qarşılaşmasını idarə edəcək referi 2004-cü ildən Macarıstanın elita oyunlarına, 2007-ci ildən beynəlxalq matçlara təyinat alır.
Bu müddətdə UEFA və FİFA-nın bayrağı altında keçirilən 100-dən artıq görüşdə əsas söz sahibi olub. Karyerası ərzində bütün yarışlarda 473 rəsmi oyunda fit çalıb.
“Barselona”, “Mançester Siti”, “İnter”, “Mançester Yunayted”, “Napoli”, “Çelsi” kimi top-klubların görüşlərini idarə edib, məşhur futbolçuları qırmızı vərəqə ilə meydandan qovub.
2011-ci ildə Çempionlar Liqasının finalında “Barselona” – “Mançester Yunayted” qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirib, AVRO-2012-nin İngiltərə - Ukrayna oyununa ehtiyat hakim kimi cəlb olunub.
İşin maraqlı tərəfir odur ki, İştvan indiyə qədər bir dəfə də olsun klublarımızın avrokuboklardakı duellərində meydanda əsas söz sahibi olmayıb.
Yalnız bir dəfə adı bizimkilərlə yanaşı hallanıb. 2022-ci ildə Millətlər Liqası çərçivəsində Astanada baş tutan Qazaxıstan və Azərbaycan millilərinin oyununu o idarə edib.
Meydan sahiblərinin 2:0 hesabı ilə qalib gəldiyi dueldə hazırda “Qarabağ”ın heyətində olan futbolçulardan beş nəfər həmin matçın iştirakçısı olub.
"Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki “Europa Point Stadium”da baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
HƏBİB / SPORTİNFO.AZ