"Qarabağ" yay təlim-məşq toplanışını komandanın düşərgəsində keçirən İbrahim Ramazanovla bağlı yekun qərarını verib.
Baxışda olan istedadlı futbolçu ilə müqavilə imzalanmayıb.
Buna səbəb komandada olan böyük rəqabət olub.
"Köhlən atlar"ın heyətində indiki vəziyyətdə yer almaq elə də asan məsələ deyil.
Ramazanovun xidmətində isə bir neçə başqa Premyer Liqa təmsilçisi də maraqlıdır.
Yekun qərarda bu məqam da rol oynayıb.
Baş məşqçi Qurban Qurbanov gənclər millimizin üzvünün indiki durumda digər klublarımızdan birində karyerasını davam etdirməsinin onun inkişafı üçün daha məqsədəuyğun hesab edib.
19 yaşlı gənc futbolçu "Qəbələ"nin yetirməsidir.
O, arxada qoyduğumuz mövsüm əsas komandada debüt edib.
2023/24 mövsümünün son 4 matçında meydanda olan İbrahim Qurban Qurbanovun diqqətini üzərinə çəkə bilmişdi.
Çalışdırıcı onun performansını yaxından görmək üçün yeni mövsümə hazırlığın ilk günündən futbolçunu düşərgəyə dəvət etmişdi.
XANOĞLAN / SPORTİNFO.AZ