Xəbər verdiyimiz kimi, “Qarabağ” Şahruddin Məhəmmədəliyevi yenidən transfer edib.
Ağdam təmsilçisi 30 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalayıb. Lakin bu transfer birmənalı qarşılanmayıb.
Həm bəzi “Qarabağ” azarkeşləri, həm də futbol ictimaiyyəti bu seçimə sərt təpki göstərib. Xüsusilə onu matçlarda etdiyi kobud səhvlərə görə təndiq edənlərin sayı kifayət qədər yüksəkdir.
Ümumiyyətlə, Şahruddinin yenidən “Qarabağ”-a qayıtması doğru seçimdir?
“Sportinfo TV”un aparıcı-eksperti, tanınmış idman jurnalisti Elçin Cəfərov mövzu ilə bağlı "cebhe.info"-ya açıqlama verib.
O, legioner həyatı yaşayan yerli futbolçuların yenidən Azərbaycan Premyer Liqasına qayıtmasına çox pis baxdığını bildirib:
“Onlardan biri də Şahruddin Məhəmmədəliyevdir. O demək olar ki, “Adana Dəmirspor”da hər matçda əsas heyətdə meydana çıxdı.
Üstəlik, klub prezidenti və baş məşqçi ona çox inanırdı. Məsələn, “Alanyaspor”la qarşılaşmada kobud səhvə yol vermişdi.
Başqa texniki heyət olsaydı, onu əsas heyətdən kənarlaşdırardı. Lakin “Adana Dəmirspor”da ona yenə də şans verildi.
Bütün bu səhvlərə baxmayaraq, Şahruddin Türkiyə Super Liqasında mövsümün ən yaxşı qapıçılarından biri kimi göstərildi.
Hətta ona Türkiyədən 2-3 klub da transfer təklifi vermişdi”.
Amma ekspert diqqətə çatdırıb ki, Şahruddin Türkiyədən gələn təklifləri rədd edərək yenidən Azərbaycana qayıtdı:
“Mən isə bunu iradəsi olmayan xarakterli insan kimi qəbul edirəm. Bunu təkcə Şahruddinə deyil, bütün futbolçulara şamil edirəm.
Buna baxmayaraq, onu “Qarabağ” üçün düzgün seçim kimi dəyərləndirmək olar. Çünki uzun illərdir bu komandada oynamış biri olaraq, cameəni, məşqçini və futbolçuları çox yaxşı tanıyır.
Ona görə Şahruddini yaxşı transfer kimi qiymətləndirə bilərik. Nəzərə almaq lazımdır ki, Şahruddin əsas deyil, ikinci qapıçı kimi transfer edilib.
O, daha çox daxili çempionatda forma geyinəcək. Buna görə də Şahruddin transferi düzgündür”.
Elçin Cəfərov hesab edir ki, “Qarabağ” doğru, Şahruddin isə səhv addım atdı:
“Şahruddinin timsalında azərbaycanlı futbolçuların “suyu süzülə-süzülə” ölkəyə qayıtmasını heç cür başa düşə bilmirəm.
Onları xaraktersiz və iradəsiz insan kimi qələmə verirəm. Çünki bu, futbolçunun inkişafı deyil.
Əksinə, karyerasında daha da geriyə getməkdir. Yəni “Qarabağ”ın Şahruddini 1 illik heyətə cəlb etməsi yaxşı seçimdir.
Ancaq futbolçu tərəfdən məsələni geriyə addım atmaq kimi dəyərləndirə bilərik”.